
Bir çox insan üçün ulduzlar sadəcə gecələr parıldayan kiçik nöqtələrdir. Halbuki ulduzlar göy üzünün kiçik bəzəkləri olmaqla yanaşı, bütün canlılar üçün həyati əhəmiyyətə malikdirlər. Yer üzündəki həyata təsir edən yeganə ulduz Günəş deyil. Bizdən milyonlarla kilometr uzaqlıqdakı ulduzların belə yer üzündəki həyatın mövcud olmasında rol oynadığını bilirsinizmi?
Ulduzlar Yer kürəsindən çox uzaq olduqlarına görə elə düşünməyin ki, Yer kürəsinə təsir etmirlər. Məsələn, Günəşə ən yaxın ulduz olan Alfa Sentavr C və ya elm adamlarının Proksima Sentavr adlandırdığı ulduz bizdən düz 4.2 işıq ili məsafədədir. Bu məsafəni gündəlik həyatımıza uyğun olaraq belə ifadə edə bilərik: sürəti saatda 20.000 km olan, insan istehsalı olan ən sürətli kosmik gəmi ilə Yer kürəsindən Proksima Sentavra getmək mümkün olsaydı, səyahətimiz 162.000 il çəkərdi.
Bizə ən yaxın ulduz olan Proksima Sentavr belə bizdən çox uzaqda ikən bundan milyon dəfələrlə uzaq olan ulduzlar yer üzündəki həyata nə cür təsir edir? Habelə bu qədər məsafəyə baxmayaraq, Yer kürəsinə necə təsir göstərə bilirlər?
Ulduzlar: filiz hasil edən nəhəng fabriklər
Ulduzların quruluşunun aşkar edilməsi ilə kainatda ən çox tapılan element olan hidrogendən başqa elementlərin necə əmələ gəldiyi məlum olmuşdur. Kainatda hidrogendən dəmirə qədər bütün elementlər ulduzların içində əmələ gəlir, yəni ulduzları Yer kürəsi üçün metal hasil edən nəhəng filiz mədəninə bənzədə bilərik.
Dəmirdən ağır olanlar isə bu ulduzların partlaması nəticəsində əmələ gələn ifrat yeni ulduzların hasil etdiyi böyük enerji ilə meydana gəlir. İfrat yeni ulduz enerjisi tükənən böyük kütləli ulduzların şiddətlə partlamasıdır.
Ulduzlar filiz mədəninə bənzəsələr də, elə düşünməyin ki, filizlər ulduzun bir hissəsində mövcuddur və oradan kosmosa yayılır. Bəs bu nəhəng filiz mədənlərində hasilat necə baş verir?
Ulduzlar kosmosa yaydıqları hər şeyi özləri hasil edirlər. Bu baxımdan filiz mədənindən çox istehsalat prosesi gedən fabriklərə bənzəyirlər. Ancaq bizim tanıdığımız fabriklərə də o qədər bənzəmirlər. Fabriklər material istehsal etmək üçün çoxlu sayda xammaldan istifadə edirlər. Ulduzlarda isə əsas xammal hidrogendir. Yer kürəsində ən sadə atom quruluşuna malik bu element müxtəlif mərhələlərdən keçərək fərqli elementlərə çevrilir. Ən yüngül qazlardan biri olan hidrogendən dəmir kimi ağır metalların hasil edilməsi uca Allahın ulduzlarda yaratdığı böyük möcüzədir.
Ulduzlardakı istehsal prosesi fabrikdəki kimi mərhələli şəkildə tədricən baş verir
Ulduzlardakı metal istehsalı kompleks və ardıcıl kimyəvi reaksiyalar şəklindədir. Hidrogenlər yanaraq helium, heliumlar birləşib karbon və ən sonda yanma reaksiyaları nəticəsində dəmir əmələ gəlir. Hər fabrikdə olduğu kimi, ulduzlarda da istehsal olunan məmulatlar qablaşdırılır. Dəmirin yeri ulduzun ən dərinliyindəki nüvəsindədir.
Ən dərində yerləşən, yanması tamamlanmış və dəmirlə zəngin olan nüvə ulduzun ömrünün sona çatdığını xəbər verir. Bu mərhələdə olan ulduzun kütləsi kifayət qədərdirsə, partlayaraq parçalanır və ifrat yeni ulduza çevrilir. Burada “yanma” adlandırdığımız nüvə reaksiyalarının hər biri çox yüksək temperatur, təzyiq və enerji tələb edir. Hər mərhələsi planlaşdırılmış bu reaksiyalar zənciri Allahın sonsuz qüdrəti ilə baş verir.
Bu elementlər ulduzlarda əmələ gəldikdən sonra kosmosa yayılır. Həyat üçün xüsusi yaradılmış və ulduzlardan yer üzünə endirilmiş elementlərin əmələ gəlməsində Allahın sonsuz elmini, ağlını və qüdrətini görürük.
Atmosferdəki qazların mənbəyi ulduzlardır
Kainatdakı ulduzlarda baş verən və ulduzlardan Yer kürəsinə gələn elementlərin miqdarı milyard illərdir ki, atmosferdə və Yer kürəsinin təbəqələrində sabitdir. Bu stabillik də canlıların həyatı üçün ən uyğun miqdardadır. Bədənimizi və ətrafımızdakı hər şeyi, tənəffüs etdiyimiz havadakı maddələrin çoxunu ulduzlarda və ifrat yeni ulduzlarda əmələ gələn elementlər və qazlar təşkil edir.
Yerin ən xarici təbəqəsi olan atmosfer azot, oksigen, karbon və digər qazlardan təşkil olunmuş hava təbəqəsidir. Biz bu hava ilə tənəffüs edirik. Tənəffüs etdiyimiz havada elementlər müəyyən miqdardadır. Havada təqribən 78% azot, 21% oksigen, 0.9% arqon, 0.034% karbon qazı və digər elementlər və qazlar var. Milyard illərdir ki, atmosferdəki bu miqdarın sabit qalması hər an Allahın bizi qoruduğunu göstərir. Havadakı elementlərin insanların və digər canlıların həyatı üçün lazımi miqdarda tənzimlənməsi və canlıların həyatı üçün ulduzlardan məhz lazımi miqdarda endirilməsi böyük möcüzədir. Bundan əlavə, kainatda Yer kürəsinin atmosferi kimi başqa atmosferin olmaması uca Rəbbimizin üstün ağlının və qüdrətinin dəlilllərindən biridir.