Tovuzquşu tüklərinin gözəlliyinin fiziki təməli aşkar oldu

...

Heyvanlar 21 İyun 2016 00:46


Tovuzquşu tüklərindəki naxışlara baxan bir insan ondakı gözəlliyə heyran olmaya bilməz. Alimlərin son tədqiqatlarından birində bu naxışın təməlində heyrətamiz dizayn olduğu aşkarlandı.

Çin alimləri tovuzquşunun tüklərində olan və işığın fərqli dalğa uzunluqlarını süzüb əks etdirə bilən kiçik tüklərin olduğu həssas bir mexanizmi kəşf etdilər. Şanxayda Fudan Universiteti fiziklərindən Jian Zi və əməkdaşlarının “Proceedings of the National Academy of Sciences” jurnalında nəşr olunan tədqiqatlarına görə tüklərin parlaq rəngləri piqmentlər tərəfindən deyil, ikiölçülü və kristala bənzəyən kiçik hissəciklər tərəfindən hazırlanır. 1

Zi və əməkdaşları tüklərdəki rənglərin mənbəyini ortaya çıxarmaq üçün güclü elektron mikroskoplardan istifadə etdilər. Yaşıl erkək tovuzquşunun (Pavo muticus) gövdəsindən çıxan tüklərin üzərindəki daha da kiçik tükcükləri araşdırdılar. Mikroskop altında soldakı ağ-qara şəkildə görünən ələk formalı dizaynla qarşılaşdılar. Bu bir növ zülal olan melanindən hazırlanmış çubuqların keratinlə (başqa bir zülal növü) birləşməsindən meydana gəlirdi. Tədqiqatçılar hər biri insan saçından yüz dəfələrlə daha incə olan bu ikiölçülü kiçik hissəciklərin tükcüklər üzərində ardıcıl sıralandığını gördülər. Alimlər əlavə optik araşdırmalar və hesablamalarla kristalların arasındakı boşluqları və bunların təsirlərini araşdırdılar. Nəticədə, bu ələk formalı dizaynda boşluqların ölçülərinin və formalarının işığın müxtəlif bucaqlarda əks olunmasına, beləcə, rəngdəki çeşidlənməyə gətirib çıxardığını aşkara çıxardılar.

"Erkək tovuzquşu, quyruğundakı heyrətamiz rəng dəyişdirmə xüsusiyyəti, fərqliliyi və rəngli göz naxışları sayəsində möhtəşəm gözəllikdədir" -deyən Zi "(Tovuzquşu tüklərindəki) göz modelini izlədikdə tüklərin mükəmməl gözəlliyinə heyran qaldım"  deyərək öz düşüncələrini ifadə etmişdir.  Apardıqları bu tədqiqata qədər tovuzquşunda rənglərin yaranmasında dəqiq fiziki mexanizmlərin bilinmədiyini bildirən Zi aşkar etdiyi mexanizmdəki dizaynın çox kompleks quruluşunun olmasına baxmayaraq, olduqca qüsursuz şəkildə yaradıldığını bildirir.

Göründüyü kimi, tovuzquşularının tük naxışlarında çox xüsusi nizamlanmış dizayn vardır. Bu dizaynda çox kiçik ələk formalar və bunlar arasındakı boşluqlar çox əhəmiyyətlidir. Boşluqlardakı nizamlama da xüsusilə diqqəti cəlb edir. Əgər bunlar işığı bir-birindən daha az fərqli dərəcələrdə əks etdirəcək şəkildə nizamlanmasa idi, sözügedən rəng dəyişiklikləri ortaya çıxmayacaqdı.

Tovuzquşu tükündəki bu rənglərin böyük əksəriyyəti tükün quruluşuna görə fərqlilik daşıyır. Tükdə quruluşdan asılı olan rəngləri ortaya çıxaran qisimlərdə piqment yoxdur və sabun köpüyünün səthindəki kimi parlaq rənglər ortaya çıxa bilir. İnsan saçına rəng verən maddə isə piqmentdir və bir insan saçlarına nə qədər qayğı göstərərsə göstərsin, onları tovuzquşu tükü qədər parlaq və gözəl edə bilmir.

Tovuzquşundakı bu ağıllı dizayn sənayeyə da ilham qaynağı ola bilər. Zi və əməkdaşlarının tədqiqatından bəhs edən Oksford Universitetinin zooloqu və eyni zamanda boyaq mütəxəssisi olan Andryu Parker (Andrew Parker) bu haqda belə deyir:

"Tovuzquşu tüklərindəki foton kristalların kəşf edilməsi alimlərin bu hissəcikləri ticarət və sənaye sahələrinə tətbiqini reallaşdıra bilər. Bu kristallar telekommunikasiya vasitələrindəki kanal işıqlarında və ya yeni nazik kompüter çiplərinin hazırlanmasında istifadə oluna bilər".  3

Tovuzquşunda möcüzəvi naxışlar və xüsusi bir dizayn olduğu açıq şəkildə görünür və bəlkə də yaxın gələcəkdə tovuzquşularındakı bu mexanizmin təqlid edilməsi sayəsində rəngarəng örtüklərlə örtülmüş əşyalar, aksesuarlar görəcəyik. Bəs belə estetik, ağıllı və ilham verən bir dizayn ilk dəfə necə ortaya çıxmışdır? Görəsən, tovuzquşu öz tüklərindəki rənglərin kristal və bunlar arasındakı boşluqlar ilə əlaqəli olduğunu bilə bilərmi? Görəsən, tovuzquşu öz bədənində tük hazırlayıb, daha sonra bunlara rəngləndirici bir mexanizm əlavə etməyə qərar verə bilərmi? Sonra bu mexanizmi o möcüzə naxışları əmələ gətirəcək şəkildə nizamlaya bilərmi? Əlbəttə ki, xeyr.

Məsələn, bir dəniz kənarında gəzərkən, sahildə rəngarəng daşlarla yaradılmış möcüzəvi naxışlarla qarşılaşsaq, üstəlik, bu naxışlarda bir yelpik boyunca düzülmüş göz naxışları olduğunu görsək bunların təsadüfi olaraq ortaya çıxdığını deyil, şüurlu olaraq oraya yerləşdirildiyini düşünərik.

İnsana zövq verən bu naxışların bir sənətkar tərəfindən hazırlandığı açıq şəkildə görünür. Tovuzquşundakı tüklərdə də vəziyyət eynidir. Şəkil və naxışlar özlərini hazırlayan sənətkarların varlığını göstərdiyi kimi, tovuzquşundakı naxışlar da özlərini yaradan Yaradıcının varlığını göstərirlər. Şübhəsiz, tovuzquşunun tüklərində kristala bənzər hissəcikləri bir araya gətirib təşkil edən və onlardan möcüzəvi naxışlar hazırlayan Allahdır.  Allah qüsursuz yaratdığını bir Quran ayəsində belə bildirir:

“ O Allah ki, Yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”. (Həşr surəsi, 24)

Mənbələr:

1- Jian Zi et al, “Coloration strategies in peacock feathers”, PNAS 2003;100 12576-12578 http://www.pnas.org/cgi/content/abstract/100/22/12576?etoc

2- John Pickrell , “Physics Plucks Secret of Peacock Feather Colors”, 17 oktyabr 2003, http://news.nationalgeographic.com/news/2003/10/1016_031017_peacockcolors.html

3- “Physics Plucks Secret of Peacock Feather Colors”