
Qızılquşların yaxın qohumu olan müşğüllərin çox fərqli "ov etmə taktikaları" var. Ovunu axtararkən sanki havada asılı qalır. Quyruğunu yayaraq açır və beləliklə, quyruğunun havanı saxlama xüsusiyyətini daha da artırır. Bundan başqa qanadlarının ucundakı tükləri də qaldıraraq hava axınları nəticəsində yarana biləcək tarazlığını itirmə riskini azaldır. Qanadlarının ucundakı tükləri bir-birindən ayırır, nəticədə, qanadın üst səthində yarana biləcək hava boşluqlarını dağıtmaq üçün yuxarı doğru çıxan, kiçik və sürətli hava axınları yaranır. Müşğül havanın itələmə xüsusiyyətindən istifadə edərək küləyin təsiri ilə uçur və ovunu gözləyərkən eniş edəcəyi bölgənin düz üstündə havada asılı durur.
Bayquş ovunu tutmaq üçün ovunun yerini müəyyən edər etməz çox səssiz şəkildə onun üzərinə atılmalıdır. Amma quşların çoxu uçarkən səs çıxarırlar. Məsələn, uçan bir qu quşunun qanad xışıltısı uzaqdan da eşidilə bilir. Bir çox böyük quşların qanadları da uçarkən səs çıxarır. Səs salan qanadlar isə bir gecə ovçusu üçün ovunun hücumunu hiss etməsinə yol aça biləcək çatışmazlıqdır. Amma bu problem gecə ovcusu olan bayquşların xüsusi lələk quruluşu sayəsində həll edilmişdir. Bayquşun lələkləri yumşaqdır, uçmasını təmin edən güclü qanad lələklərinin ucları isə saçaqlı quruluşa malikdir. Qanad lələklərinin məxmərə bənzər səthi, səsi maksimum səviyyədə boğaraq bayquşun səssiz uçmasını təmin edir.