
Eşşəkarıları günəş enerjisini necə toplayırlar?
Bu canlılardakı günəş enerjisi sistemi necə işləyir?
Arıların sahib olduğu sistemin avtomobilin kompüter sistemindən daha sürətli işləməsinin sirri nədir?
Çiçəklərdəki nektarı qısa müddətdə əldə etmələrini təmin edən xüsusi sistem hansıdır?
İyirmi min növü olan arılar heyvanlar aləmində ən çox diqqətçəkən, mühəndislik və memarlıq sahələri ilə bağlı məlumatlara sahib olan, müştərək həyatları ilə digər bir çox canlılardan fərqlənən, aralarındakı əlaqə sistemi ilə onları tədqiq edən alimləri heyrətləndirən canlılardandır. Arılar bildiyimiz möcüzəvi bal hazırlama xüsusiyyəti ilə yanaşı, bir çox texniki məlumatlara da sahibdir. Onlar da yer üzündəki digər canlılar kimi Allahın ilhamı ilə hərəkət edirlər. Hər şeyi hikmətlə yaradan Allah Hud surəsində canlıları Öz hökmü altında necə saxladığını bildirmişdir:
"... Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir (doğru yolda olanı qoruyandır)." (Hud surəsi, 56)
Günəş enerjisini toplayıb istifadə edən eşşəkarıları
Yaxın Şərqlə Hindistan arasındakı bölgədə yaşayan "şərq eşşəkarısı" (Vespa orientalis) digər böcəklərdən fərqli olaraq günün ən isti saatlarında fəal olur. Yuvasını yerin altında quran bu canlı mədəsindəki xüsusi quruluş sayəsində günəşdən gələn şüaları toplayır və bunu uca Allahın yaratdığı piqment vasitəsilə enerji deposu olaraq istifadə edir. Alimlərin uzun müddət araşdırdıqları bu canlıların qarınlarındakı sarı xəttlərin funksiyası və aktiv olduqları saatların öz cinslərindən olan digər arılardan niyə fərqlədiyi ilə bağlı sualların cavabları da bu quruluşla əlaqəlidir.
Uca Allah eşşəkarılarının bədən quruluşunu günəş enerjisini toplamağa uyğun yaratmışdır
Aləmlərin Rəbbi olan Allah bu arı növünün bədənini örtən və sanki xarici skeleti olan qabıqüstü təbəqənin qəvhə rəngli hissəsini 160 nanometr hündürlüyündə olan möhkəm oyuqlardan yaratmışdır. Sarı xətlərin yerləşdiyi hissənin quruluşu isə daha fərqlidir. Burada bir sıra ovalşəkilli 50 nanometr hündürlüyündəki çıxıntılar digərləri ilə bitişik formadadır. Bu quruluş sayəsində günəş şüalarının əks olunmasının qarşısı alınır və şüalar bu bölgədə toplanaraq enerji əldə olunur.
Uca Allahın günəş enerjisini toplamaları üçün yaratdığı digər xüsusiyyət isə piqment hüceyrələridir. Qabıqüstü təbəqədə yerləşən melanin piqmenti qəhvəyi, ksantopterin piqmenti isə sarı rəngdədir. Bu sarı rəngli piqment işığı birbaşa elektrik enerjisinə çevirib saxlayır.
Buradan çox vacib nəticəyə gəlmək olar. Bu arı növü digər xüsusiyyətləri kimi günəş enerjisini toplama qabiliyyətini də öz iradəsi ilə və ya təsadüfən qazanmayıb. Günorta saatlarında günəşin çox isti olduğunu bilməsi, işığı toplamaq üçün bədənində bəzi sistemlər yaratması, əlbəttə, kiçik bir arının düşünüb edəcəyi davranışlar deyil. Arıların sahib olduqları bütün bilgiləri onlara ilham edən uca Allahdır. Bu həqiqət bir ayədə belə bildirilir:
O Allah ki, yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)
Kompüterdən daha sürətli işləyən arılar
Kompüterlər xəbərləşmə, əlaqə qurma, məlumat əldə etmə, mühəndislik və araşdırma başda olmaqla gündəlik həyatın bir çox sahələrində, eləcə də bir sıra problemlərin həllində istifadə olunur. Gedilən yerə ən qısa zamanda və ən qısa yolla çatmaq üçün yenə də kompüterlərdən istifadə olunur. Kompüterlər mümkün olan bütün yolların uzunluğunu müqayisə edərək ən qısa yolu seçir və mürəkkəb riyazi hesablamaları həll edir. Lakin bunu heç vaxt sürətli edə bilmir. Çəmən toxumu böyüklüyündə beyinə sahib olan arılar isə kompüterlərdən fərqli olaraq gedəcəkləri ən qısa yolu heç bir yardım almadan çox qısa müddət ərzində tapırlar. Çünki yem axtaran arılar kompüterlərin çətinlik çəkdiyi bu problemi davamlı olaraq hər gün həll edirlər. Hər gün müxtəlif yerlərdəki çiçəkləri ziyarət edir və çoxlu enerji sərf edirlər. Enerjiyə qənaət etmək üçün isə daha səmərəli yollar axtarırlar. Bunun üçün əvvəlcə çiçəklərin yerlərini müəyyən edir, daha sonra enerjidən və zamandan düzgün istifadə edərək daha səmərəli yollarla uçmağı öyrənirlər. Bəs necə olur ki, insanlar gedəcəkləri yeri yol hərəkəti qaydaları, internet və ya avtomobil kompüter sistemi kimi vasitələrlə, bu canlılar isə kiçik beyinləri ilə tapırlar? Bu sualın cavabı yenə də eynidir. Uca Rəbbimiz sonsuz qüdrəti və elmi ilə təbiətdəki bütün canlıları qüsursuz yaratmış və onlara yaşadıqları mühitə ən uyğun xüsusiyyətləri bəxş etmişdir. Bir ayədə belə buyurulur:
"Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar." (Bəqərə surəsi, 117)
Ultrabənövşəyi şüaları görən arılar
Arılar ultrabənövşəyi şüaları da rəng olaraq gördükləri üçün çiçəklərə baxdıqda insanlardan tamamilə fərqli naxışlar görürlər. Bunlar da təsadüfən əmələ gəlməyib. Uca Rəbbimiz hər çiçəyin üzərindəki bəzəyi fərqli yaratmışdır. Naxışlar enmə zolağındakı xəttlər kimi arıları nektar olan yerə yönləndirir. Beləcə, arılar sürətlə çiçəklərin nektarlarına çata bilirlər.
Çiçəklər və arılar arasında çox mühüm əlaqə sistemi vardır. Hər iki canlı da Allahın ilhamı ilə hərəkət edir. Məsələn, arılar tərəfindən mayalanmağa ehtiyac duyan çiçəklər onları özlərinə cəlb edən nektar hasil edirlər. Allah çiçəklərə qoxuları və əlvan rəngləri ilə arıların diqqətini cəlb edən xüsusiyyətlər bəxş etmişdir. Amma Allahın çiçəklərə bəxş etdiyi xüsusiyyətlər bunlarla bitmir. Çünki çiçəklərdə arıların nektara rahat çatmasını təmin edən bəzi cizgilər vardır.
Arılar və çiçəklər arasındakı bu əlaqə insanlar üçün də çox əhəmiyyətlidir. Çünki arıçılıq kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir. Bir çox meyvə ağacı və çiçək, əsasən, arılar vasitəsi ilə mayalanır. Buna görə də bəzi mütəxəssislər arıların bu xüsusiyyətini bal hazırlamalarından daha vacib hesab edirlər. Bütün bunları düşündükdə dərhal ağıla Nəhl surəsindəki bal arısı ilə bağlı ayələr gəlir. Allah bu ayələrdə arıların bütün meyvələrdən yemələrinə diqqət çəkmişdir:
"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 68-69)
Arılar digər canlılar kimi Allahın ilhamı ilə hərəkət edirlər
Aydındır ki, arıların sahib olduğu mükəmməl sistemlər, ağıllı davranışlar, hesablama, planlama, inşa etmə qabiliyyəti və texniki məlumatlar təsadüfən yarana bilməz. Buna görə təkamülçülərin təsadüf iddialarının da heç bir əsası yoxdur. Çünki burada qeyd edilən bir neçə nümunə ilə də arıların bir anda və bütün sistemləri ilə birlikdə yaradıldığını görmək olar. Allah digər canlılar kimi arıları da bütün bacarıqları ilə birlikdə yaratmış və onları ehtiyaclarından artıq bal hazırlamaları üçün texniki qabiliyyətlərlə təmin edərək insanların xidmətinə vermişdir. Məhz bu xüsusiyyətlər yalnız bir gerçəyi sübut edir: arılara bu xüsusiyyətləri və maraqlı bacarıqları verən sonsuz qüdrət sahibi Allahdır. Allah yaratdığı bütün canlılarda olduğu kimi arılarda da sonsuz elmini və misilsiz yaratmasını bizə göstərir. Bu yaradılışa şahid olan insan isə hər şeyin Hakimi olan Rəbbini ucaltmalı və Ona təslim olmalıdır. Bir ayədə yaradılış dəlillərinin əhəmiyyəti belə bildirilmişdir:
"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)
Nektar toplayarkən arıların eyni çiçək növünü ziyarət etmələrindəki hikmət nədir?
Müxtəlif çiçəklərin olduğu yerlərdə bal toplayan arıları bir müddət izləsək, maraqlı vəziyyətlə qarşılaşarıq. Arılar hər dəfə eyni növ çiçəklərə qonurlar. Bir çiçəkdən digərinə uçarkən başqa növdən olan çiçəklərə diqqət belə etmirlər.
Bəzən günlərlə eyni növ çiçəkləri ziyarət edən arıların bu davranışları həm özləri, həm də çiçəklər üçün faydalı olur. Bunu belə izah etmək olar: bir çiçəyə ilk dəfə qonan arı o çiçəyin quruluşunu bilmədiyi üçün çox uzun müddət kiçik nektar damlasını tapmaqla məşğul ola bilər. Arı eyni çiçəyə yalnız 5-6 dəfə qonduqdan sonra sürəti və bacarıqları artır və hədəfinə rahatlıqla çatdığı üçün zamana da qənaət edir.
Arılar eyni növ çiçəkləri seçdikləri üçün çiçəklər də rahat və sürətli mayalanır. Bir çiçəyin tozcuğu başqa çiçəkləri mayalandıra bilməz. Yalnızca arıların eyni növ çiçəklər arasında etdikləri səyahət zamanı mayalanır. Onlar eyni növ çiçəkləri qoxu vasitəsilə tapırlar.
Arılar bir dəfə gəldikləri və nektar və ya tozcuq topladıqları çiçəkləri həmin çiçəyə qoxu buraxaraq da işarələyirlər. Beləcə, özlərindən sonra buraya gələn arılar boş yerə nə enerji, nə də vaxt itirirlər.
Arıların bədən quruluşundakı qüsursuz nizam
Arıların bədənləri qüsursuz yaradılış nümunəsidir. Hər bir orqanı xüsusi olaraq yaradılmışdır. Məsələn, skeleti olduqca möhkəmdir. Tənəffüs sistemi havadan səmərəli istifadə edərək toxumalara daha çox qidanın çatmasını təmin edir. Əzələlərin quruluşu isə canlının ehtiyacına uyğun olaraq fərqli xüsusiyyətlərə sahibdir. Məsələn, qanadlarındakı əzələlərdə oksigenlə daha çox təmin etmək üçün digər əzələlərdə olan xarici pərdə yoxdur. Həmçinin, iybilmə və dadbilmə sistemləri də canlının çiçək toplama vəzifəsinə ən uyğun şəkildə yaradılmışdır. Arıların qüsursuz bədən quruluşları Allahın bənzərsiz yaratma sənətinin və sonsuz elminin dəlillərindən yalnızca bir neçəsidir. Allah elmi ilə hər şeyi əhatə etdiyini bir ayəsində belə bildirir:
"Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir”. (Ta ha surəsi, 98)
Arıların digər yaradılış möcüzəsi xüsusiyyətlərinə nümunələr
Eyni pətəkdəki arılar gün ərzində 225000 çiçəyi ziyarət edirlər. Təkcə bir arı bir gündə 50-1000 çiçəyi, bəzən də bir neçə min çiçəyi ziyarət edir.
Ana arı gün ərzində 5-6 dəqiqə fasilə ilə 2000 yumurta, hər il isə təxminən 200 min yumurta qoyur.
Arılar 450 qram bal hazırlamaq üçün 2 milyon çiçəyi ziyarət etməli, 1 kq bal hazırlamaq üçün isə dünyanı 4 dəfə dövr etməlidirlər.
Arı saatda orta hesabla 20-25 km yol qət edir.
Bir araşdırmanın nəticəsinə görə, arının beyni dünyanın ən müasir kompüterlərindən daha sürətli işləyir. Bu gün ən müasir kompüter saniyədə 16 milyard, Arı beyni isə bundan 625 dəfə daha çox, yəni 10 trilyon əməliyyat icra edir. Bundan başqa, arı beyni bu qədər çox əməliyyat yerinə yetirdiyi halda, kompüterdən daha az enerji sərf edir. 10 milyon arının sərf etdiyi enerji təkcə 100 vattlıq lampanı yandırmaq üçün istifadə olunan enerjiyə bərabərdir (arının beyni 10 mikrovattdan daha az enerji sərf edir).
Bəzi hörümçək növləri torlarını qurarkən Allahın çiçəklər üzərində yaratdığı naxışlardan istifadə edərək onları təqlid edir, arılar isə uzaqdan hörümçək torunu çiçək zənn edirlər. Lakin bu canlılar da tamamilə müdafiəsiz olmurlar. Çünki ultrabənövşəyi şüaları gördükləri kimi günəşin ətrafındakı polarizə olunmuş işığı da çox həssas şəkildə görürlər. Buna görə buludlu gündə belə günəşə baxaraq yuvalarının istiqamətini tapa bilirlər. Hörümçək toruna çox yaxınlaşan arı bunu ovlanmazdan əvvəl fərq edərsə, polarizə günəş işığına baxaraq da yuvasının yolunu tapa bilər.