Molekulların Hiss Edilməyən Hərəkətlərindəki İncəliklər

...

Atom 30 Mart 2018 01:52


Otağınızda sakit oturursunuz, ətrafınız səssizlikdir, heç bir hərəkətin olmadığını düşünürsünüz. Halbuki ətrafınızdakı hər şey, sizi əhatə edən hava belə dayanmadan hərəkət edir. Necə?


Siz otağınızda kresloda oturub sakitcə əlinizdəki jurnalı oxuyarkən sizi əhatə edən molekulların ən kiçik zərrəciyi olan elektronlar saniyədə 1000 km sürətlə dövr edirlər. Bundan başqa, sizi əhatə edən, hətta sizi təşkil edən molekullar da fasiləsiz hərəkət halındadırlar. Boşluqda dolaşan molekulların sürəti tapançadan atılan güllənin sürətinə bərabərdir: saniyədə 1000 metrdən çox.


Havadakı milyardlarla molekul hər saniyə milyard dəfələrlə bir-biri ilə toqquşur və yenidən bir-biri ilə toqquşana qədər dövr etməyə davam edir. Odur ki, siz otaqda təkbaşına, sakit oturduğunuzu zənn edərkən, əslində, molekul bombardmanının içindəsiniz. Bəzən bu molekul bombardmanı güclü küləyə çevrilərək ağacları və binaları yıxacaq qədər şiddətli olur.


Hərəkət edənlər təkcə havadakı molekullar deyil. Dərinizdəki, stolunuzdakı, əlinizdə tutduğunuz jurnaldakı molekullar da fasiləsiz olaraq hərəkət edir. Ən güclü qaldırıcı kranların belə çətinliklə yıxdığı daş divarın necə daima hərəkət halında olduğu sizə maraqlı gələ bilər. Divar, həqiqətən, hərəkət halında olur, lakin divarı təşkil edən molekullar bir-birinə çox yaxın düzüldüyü üçün sadəcə titrəşirlər. Fasiləsiz titrəyiş halında olan zərrəciklərdən təşkil olunmasına baxmayaraq, biz ətrafımızda daima bərk, möhkəm cisimlər görürük. Hərəkətdə olmalarına baxmayaraq, heç nə bir anda parçalanıb dağılmır.


Molekullar arasında baş verən hərəkətlər çox nizamlıdır


Yuxarıda bəhs etdiyimiz titrəyiş bərk cisimlərdə müvazinəti təmin edən hərəkət formasıdır. Bundan əlavə, molekullar sabit olaraq bir istiqamətdə əsla hərəkət etmirlər. Əgər belə bir hal baş versə idi, nəticə çox heyrətamiz olardı. Molekulların bir istiqamətə doğru kütləvi olaraq hərəkət etməsi nəticəsində biz yemək yediyimiz stolun öz-özünə yana doğru hərəkət etdiyini görərdik. Bərk cismin bu gözlənilməz hərəkəti, əlbəttə, təəccüb doğurar və eyni zamanda, istifadəyə yararsız olardı. Ancaq biz heç vaxt belə vəziyyətlə qarşılaşmırıq. Çünki bərk cismi təşkil edən molekullar da Allahdan bir nemət olaraq nizamlı şəkildə titrəşirlər. Bu səbəbdən heç vaxt bir istiqamətə doğru hərəkət etmir və nizamsızlıq meydana gətirmirlər.


Allah molekulların hərəkətini bizim hiss etməyəcəyimiz şəkildə yaratmışdır


Bədənimiz və bütün kainat böyük sürətlə hərəkət edən molekullardan təşkil olunub. Məsələn, hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti saniyədə 500 metrə yaxındır. Dolayısı ilə biz üzümüzə, gözlərimizə, qısası, bədənimizə sürətlə fasiləsiz toxunan sıx molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu sıx molekul bombardmanı bizə ağrı verməlidir, çünki aparılan hesablamalar molekulların təkcə gözümüzə toxunması ilə 1 kq  ağırlığına bərabər qüvvə tətbiq etdiyini göstərib. Halbuki biz heç nə hiss etmədən gündəlik həyatımıza asanlıqla davam edirik. Hətta ətrafımızda molekulların sürətli hərəkətindən xəbərimiz belə olmur. Çünki uca Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaradıb.


Maddəni təşkil edən molekullar heç vaxt səbəbsiz yerə bir-birindən ayrılmır. Molekulları bir-birindən ayırmaq üçün müəyyən temperatur tələb olunur. Suyun buxarlanması üçün müəyyən edilmiş temperatur dünyadakı su miqdarının daima sabit qalmasını təmin edən su dövranının başlıca səbəbidir. Suyun bu xüsusiyyəti dünyada həyatın mövcud olması üçün Allahın yaratdığı bənzərsiz yaradılış nümunələrindən biridir.
Molekulların temperaturun təsirindən müxtəlif formalara keçməsi də hərəkətli olmalarının və enerjilərinin nəticəsidir


Su molekullarının bir-birinə ən yaxın halı suyun bərk halıdır. Artıq qızaraq maye halına keçdikdə molekullar daima hərəkətdə olduqları üçün bir-birilərinin üzərində sürüşürlər. Mayenin axıcı olmasının, yəni bizim mayeni “qarışdıra bilməyimizin” səbəbi budur. Suyun daha da qızıb molekullarının bir-birlərindən ayrılması mərhələsi isə qaz halıdır. Buxara çevrilən su bir-birindən getdikcə uzaqlaşan molekullardan ibarət olur və bu molekullar daima hərəkətdə olduqlarına görə ətrafa asanlıqla yayılırlar. Mətbəxdə bişən yeməyin qoxusunu digər otaqdan hiss etməyinizin səbəbi budur.


Əllərinizi bir-birinə sürtdükdə əllərinizin həddindən artıq isinməsinin, taxta parçasının üstündə fırlatdığınız taxta çubuğun alovlanmasının səbəbi də molekulların hərəkətidir. Əllərinizi bir-birinə sürtdükdə sürtünmənin təsiri ilə molekullar daha sürətlə hərəkət etməyə başlayırlar. Əllərinizdəki istilik hissi bu hərəkət nəticəsində yaranan enerjidir.


Molekullar fasiləsiz hərəkətdə olmalarına baxmayaraq, biz bunu çox vaxt hiss etmirik
Stol süfrəsinin üstündəki çox xırda naxışların molekulları da hərəkətdədir, lakin naxışlar pozulmur və ya bir-birinə qarışmır. Üzünüzü də molekullar təşkil edir və bu molekullar hərəkətdədir, ancaq üzünüzün forması heç vaxt pozulmur. Yer üzündəki hər şey, ən incə xırda cisimlər belə hərəkətdədirlər, lakin ətrafınızda buna dair ən kiçik dəlil belə yoxdur.


Molekullar kortəbii hərəkət etmirlər


Mayelərdə bir-birinin üstündə sürüşən, qazlarda bir-birindən uzaqlaşan, bərk maddələrdə isə bir-birinə sıx olan molekullar əsla nizamı pozmur. Stəkanı təşkil edən molekullar səbəbsiz yerə dağılıb bir-birindən ayrılmır. Stəkanı molekullarından ayırmaq üçün müəyyən temperatur lazımdır. Məsələn, suyun molekullarına parçalanma temperaturu bəllidir, ancaq həmin temperatur su qaynayan qazanı molekullara parçalamır.Bu səbəbdən qazanın içində asanlıqla su qaynatmaq olur. Qazanın molekullarının bir-birindən uzaqlaşması üçün daha yüksək temperatur lazımdır.