
Arıların nektar toplamaq üçün şövq və həyəcanla çiçəkdən-çiçəyə uçuşunu izləyən hər kəs bu canlıların nə qədər işgüzar olduğunu bilir. Çiçək nektarlarının əksəriyyəti maye halında olduğundan arılar çox yaxşı işləmək məcburiyyətindədirlər. Məsələn, yarım kiloqram xam nektar toplamaq üçün 900 arı 1 gün ərzində işləməlidir. Topladıqları nektarın isə yalnız bir hissəsi bala çevrilir. Çünki çiçək nektarından əldə edilən balın miqdarı nektardakı şəkərin qatılığından asılıdır. Məsələn, alma çiçəyində şəkərin miqdarı az olur. Buna görə də bu ağacdan əldə edilən nektarın çox az bir qismi bala çevrilə bilir. 450 qram saf bal əldə etmək üçün təqribən 17 000 bal arısı 10 milyon çiçəyi gəzməlidir. 1 arı qida axtarmaq üçün təqribən 500 çiçək gəzməli olur və bu, 25 dəqiqə vaxt alır. Belə ki, 450 qram saf bal əldə etmək üçün arılar 7000 iş saatı işləməlidirlər. Çox böyük zəhmət tələb etməsinə baxmayaraq, bu canlılar öz ehtiyaclarından qat-qat artıq bal istehsal edirlər. Şübhəsiz ki, bu, Allahın insanlara verdiyi sonsuz nemətlərdən biridir. Quran ayələrində belə buyurulur:
“Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get!” (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 68-69)
Arı pətəyində bu qədər səylə çalışan təkcə işçi arılar deyil. Məsələn, ana arı bir günə 1500-ə qədər yumurta qoyur.