Ürək qapaqlarının mükəmməl quruluşu

...

İnsan bədəni 15 Sentyabr 2016 02:41


 

Ürək nizamlı mexanizmə sahibdir. Bu sistemdə meydana gələn kiçik bir nasazlıq insanın həyatını itirməsinə səbəb olur. Ürəkdəki ən mühüm mexanizmlərdən biri isə sağ və sol kameralar və onlar arasındakı qapaqlardır. 

 

İnsanın sağlamlığı üçün     çox vacib olan bu sistem belə işləyir:

 

Ürək kameraları iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Bunlar arasında qanın axışı istiqamətinə doğru açılan qapaqlar vardır. Qulaqcıq yığıldıqda bu qapaqlar açılır və qan mədəciyə dolur. Mədəcik yığıldıqda isə həmin qapaqlar bağlanır və qanın geriyə doğru axmasının qarşısı alınır. 

 

Mədəciyin boşalma hissəsində də bənzər qapaqlar vardır. Mədəcik yığıldıqda bu qapaqlar açılır və qan damarlara qovulur. Bu proses dayanan kimi qapaqlar bağlanır və qovulan qanın ürəyə qayıtmasının qarşısı alınır.  

 

Bu bənzərsiz sistemin kompleks quruluşu haqqında düşünək! İçindəki mayenin axmaması üçün şüşə butulkanın qapağını müəyyən güc tətbiq edərək bağlayırıq. Halbuki orqanizmimizdəki qüsursuz nizam sayəsində ürək qapaqları qanın bir damcısını belə sızdırmadan bədənə qovulmasını təmin edərək yaradılış həqiqətini gözlər önünə sərir. 

 

Damarlardakı avtomatik qapılar: vena qapaqcıqları

 

Venalar bədəndəki qüsursuz nizamın ən gözəl nümunələrindəndir. Bu damarların içərisində ürəyə doğru açılan bir çox qapaqcıqlar yerləşdirilmişdir. Beləliklə, cazibə qüvvəsinin təsiri ilə qanın geriyə doğru axmasının qarşısı alınır. Venoz qan yalnız ürəyə doğru axır. Bu qapaqların hər biri xüsusi quruluşa sahibdir. Məməyəbənzər əzələnin vətərləri sayəsində qapaqların yalnız bir istiqamətə doğru açılması təmin olunur. Burada mükəmməl mühəndislik möcüzəsi vardır. İndi isə bu qüsursuz sistemin necə inşa edildiyini düşünək! 

 

Dünyanın ən uzun boru xəttini (venaları) inşa edən işçilər (hüceyrələr) üç mühüm vəzifəni yerinə yetirirlər. Bu hüceyrələr həm mühəndis, həm işçi, həm də inşaat materialı kimi fəaliyyət göstərirlər. 

 

Hüceyrələrin mühəndislik bilgisi... 

 

Boru inşaatının plan və layihəsi hüceyrələrin nüvəsindəki məlumat banklarında (DNT-lərində) olur. Hər bir hüceyrə mühəndis kimi bu layihəni oxuyur. Əlbəttə ki, hüceyrənin inşaat layihəsini oxuması və anlaması möcüzədir. Bəzi insanlar ömrünü akademik fəaliyyətlərə həsr edən mühəndis və professorlara heyran olurlar. Halbuki daha kompleks plan və layihələri oxuyub, tətbiq edən hüceyrələrdə Rəbbimizin nümayiş etdirdiyi yaradılış sənəti daha heyrətamizdir. 

 

Boru xəttini inşa etmək üçün özlərini fəda edirlər...

 

Hüceyrələr oxuduqları plana əsasən boru inşaatının harasında iş görəcəklərini və burada işləyən milyardlarca hüceyrədən hansıları ilə bir araya gəlməli olduqlarını bilirlər. Aid olduqları yeri tapan kimi işləməyə başlayır və boru xəttinin özlərinə düşən hissəsini inşa edirlər. Ancaq istifadə etdikləri material da “özləri”dir. Bu inşaatda işləyən hər bir hüceyrə qalan ömrünü boru xəttinin bir hissəsi olmaq üçün fəda edir. 

 

Mükəmməl nizamla işləyirlər...

 

Hər qapaqdan bir neçə millimetr irəlidə eyni möcüzə baş verir. Buradakı digər hüceyrələr də bənzər şüurla başqa qapaq hazırlayırlar. Sanki öncəki qapağı inşa edən hüceyrələrlə sözləşmiş kimi eyni istiqamətə açılan qapaq hazırlayırlar. Əgər bu hücəyrələrdən bəziləri fərqli qərar qəbul edib, qapaqlardan bəzisini əks istiqamətdə inşa etsə idilər, qan damarlarda hərəkət edə bilməzdi və insan dərhal həyatını itirərdi. Lakin bu baş vermir və venalarda olan bütün qapaqlar bir-birinə uyğun inşa edilir. 

 

 

Nəticə

 

Uşaqlığınızdan bu günə qədər minlərlə dəfə yemək yediniz, on minlərlə dəfə udqundunuz. Lakin qırtlaq qapağı hər dəfə lazımi anda nəfəs borusunun girişini bağladı. 

 

Ürək qapaqları bir damcısını belə sızdırmadan qanın bədənə qovulmasını təmin etdi.

 

Venalardakı minlərlə qapaqcıq hüceyrələriniz tərəfindən inşa edildi. 

 

Varlığından xəbəriniz yoxkən, onlara nəzarət etmədiyiniz halda bu qapaqlar həmişə ən doğru anda bağlanaraq həyatınızı qurtardı. 

 

Şübhəsiz ki, bütün bunların həyata keçməsi yalnız Rəbbimizin ilhamı ilə mümkündür. Doğulduğumuz gündən etibarən bədənimizdə var olan bu qüsursuz sistemlər bütün kainatın və canlıların uca Allahın əsəri olduğunun dəlillərindəndir. Quranın bir ayəsində belə bildirilmişdir:

 

O, xaliq, yoxdan yaradan, surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)