
Suyun istiliklə əlaqədar (termal) xüsusiyyətləri yer üzündəki canlıların yaşamağında mühüm rol oynayır.
Bildiyimiz kimi, bütün mayelər temperatur aşağı düşdükdə sıxılır və həcmlərini itirirlər. Həcm azaldıqca sıxlıq artır və beləliklə donmuş hissələr ağırlaşır. Buna görə də mayenin bərk halı daha ağır olur. Ancaq su bütün mayelərdən fərqli olaraq müəyyən temperatura (+ 4°C) qədər sıxılır, bu temperaturdan sonra birdən-birə genişlənməyə başlayır. Donmuş su kütləsinin həcmi daha geniş olur. Buna görə də suyun bərk halı maye halından daha yüngüldür. Yəni buz “normal” fizika qanunlarına əsasən suyun dibinə batmaq əvəzinə, suyun səthinə qalxır.
Buz əridikdə və ya buxarlandıqda, ətrafdan istilik udulur. Bunun əksi baş verəndə isə ətrafa istilik yayılır. Bu, məlum olan "gizli istilik" anlayışıdır. Bütün mayelərin gizli istilikləri olur. Ancaq suyun gizli istiliyi digər mayelərə nisbətən daha yüksəkdir. Bundan əlavə suyun "istilik tutumu", yəni suyun temperaturunu bir dərəcə artırmaq üçün lazım olan istilik miqdarı digər mayelərin əksəriyyətindən daha yüksəkdir.
Suyun gizli istiliyinin və termal tutumunun digər mayelərə nisbətən daha yüksək olması dənizlərin quruya nisbətən gec qızıb, gec soyumasına səbəb olur. Buna görə də yer səthinin quru ərazilərindəki ən isti yer ilə ən soyuq yer arasındakı istilik fərqi 140°C-yə çatır, dənizlərdə isə bu fərq ən çox 15-20°C arasında dəyişir. Eyni vəziyyət gecə ilə gündüz arasındakı istilik fərqində də müşahidə olunur. Təkcə dənizlər deyil, atmosferdəki su buxarı da çox mühüm və böyük tarazlığı təmin edir. Gecə ilə gündüz arasındakı istilik fərqinin su buxarı az olan səhralarda çox, dəniz iqliminin hakim olduğu ərazilərdə isə az olması bunun nəticəsidir.
Bundan başqa suyun termal keçiriciliyi, yəni istiliyi ötürmə qabiliyyəti də digər mayelərdən dörd dəfə çoxdur. Buzun və qarın termal keçiriciliyi isə aşağıdır. Suyun bu xüsusiyyəti mühüm funksiya yerinə yetirir. Buz havadakı soyuğu altındakı su təbəqəsinə çox az ötürür. Beləcə, hava -50°C olsa belə, dənizin üstündəki buz təbəqəsinin qalınlığı 1-2 metri keçmir. Buna görə də suitilər, pinqvinlər və digər qütb heyvanları dənizin üstündəki buzu deşib altdakı sudan istifadə edə bilirlər.
Suyun özünəməxsus termal xüsusiyyətləri sayəsində qışla yay, gecə ilə gündüz arasındakı istilik fərqi daima insanların və digər canlıların yaşamasına qüsursuz bir nizamla xidmət edir. Bütün bunlar Allahın rəhmətini başa düşməyimiz üçün verilən nümunələrdir.