
İnsan orqanizminin 62%-I hidrogen, 24%-i oksigen, 12%-i karbon və 1%-i azotdan təşkil olunub. Bu miqdarları topladıqda insan orqanizminin 99%-ni təşkil edən elementlərin çoxunun ulduzlarda əmələ gəldiyini deyə bilərik. Bəs qalan 1%-lik miqdar nədən ibarətdir? Bu miqdar çox az görünsə də, həyatın əmələ gəlməsi üçün əsas quruluş vahidləridir. Əslində, sayca 1%-i təşkil etsələr də, kütlələri hidrogenlə müqayisədə daha çox olduğuna görə çəkimizin 1%-dən çoxunu təşkil edirlər. Bu elementlərin bəzisi kainatda çox az miqdarda mövcuddur. Gündəlik həyatda qidalardan əldə etdiyimiz miqdardan başqa bu elementlərlə çox qarşılaşmırıq. Məsələn, molibden Günəş sisteminin sadəcə 10 milyardda birini təşkil edir. Ancaq çox az miqdarda olsa da, bədənimizin müxtəlif funksiyalarını yerinə yetirməsi üçün lazımi elementdir. Bu element Günəşdən daha ağır ulduzların həyatlarının son mərhələlərində, yəni ulduz ölərkən əmələ gəlir. Orqanizmimizdə məhdud miqdarda olan maqnezium elementi isə daha ağır ulduzlarda əmələ gəlir. Maqnezium zülal sintezi, əzələlərin gərilməsi və sinirlər arasındakı əlaqənin təmin edilməsi üçün həyati əhəmiyyətə malik elementdir.
Orqanizmimizdəki molibdenin çoxu, habelə stronsium, ittrium, barium, lantan, serium və qurğuşunun hamısı Günəşdən əvvəl yaşamış ulduzların içində əmələ gəlib. Günəş sistemimiz də bu ulduzların küllərindən əmələ gəlib, bu elementlər insanlara və digər canlılara həyat verib. Şüursuz atomlardan ibarət elementləri həyat üçün qüsursuz müvazinətlə yaradan və nizamlayan üstün ağıl sahibi olan Rəbbimizdir.
Allah bir şeyin və işin olmasını istədikdə ona sadəcə “Ol!” deməsi kifayətdir. Bir ayədə belə buyurulur:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
İfrat yeni ulduz partlayışlarındakı həssas müvazinət
Ulduzun içində əmələ gələn elementlər orqanizmimizin bütün ehtiyaclarını təmin edir. Məsələn, yod olmadan sağlam olmarıq. Bu element isə ulduzların içində hasil edilə bilmir. Bunun üçün elə şərtlər lazımdır ki, həmin şərtlər ulduzun içində yoxdur. Məhz bu şərtlər yalnız ifrat yeni ulduz partlayışı adlanan çox güclü partlayışlar nəticəsində yaranır.
Ulduzlar ifrat yeni ulduz kimi partladıqda o qədər sıx neytron bombardmanı baş verir ki, özlərini müvazinətdə saxlaya bilmirlər. Çox böyük kütləli ulduzların partlaması nəticəsində əmələ gələn ifrat yeni ulduzlarda atom nüvələri neytronların sıx bombardmanına məruz qalır. Bu zaman neytronların sıxlığı 1 sm3-də yüz milyard dəfə trilyona çatır. Bu proses zamanı ortaya çıxan enerji ifrat yeni ulduzun parlaqlığını qorumasına, hətta bir müddət də artırmasına səbəb olur. Nəticədə gümüş, qızıl və platin kimi dəyərli elementlərlə yanaşı, orqanizmimizdə mühüm funksiyaları olan elementlər və yuxarıda qeyd etdiyimiz yod əmələ gəlir. Bundan əlavə, bu proses nəticəsində orqanizmimiz üçün əhəmiyyətli olan bir çox yüngül elementlər də əmələ gəlir. Kalsium, maqnezium, silisium, kükürd və titanium bunlardan bəziləridir. Məsələn, güclü immun sistemi üçün lazım olan selenium elementi də ifrat yeni ulduzlarda əmələ gəlir. Canlılar üçün həyati əhəmiyyətə malik olan dəmir ifrat yeni ulduzlardan kosmosa yayılır. Dəmir elementi qan hüceyrələrinin içindəki hemoqlobin molekulunu təşkil edir. Beləcə, qan hüceyrələrində oksigen daşına bilir. Günəşə bənzər ulduzların məhsulu olan ağ cırtdanların Günəş sistemindəki dəmirin əsas mənbəyi olduğu təxmin edilir.
Göründüyü kimi, ilk baxışda adi partlayış kimi görünən ifrat yeni ulduz partlayışları, əslində, çox həssas müvazinətlər üzərində qurulub. Maykl Denton “Təbiətin taleyi” (Nature's Destiny) adlı kitabında belə yazır:
İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar arasındakı məsafələr həlledicidir. Qalaktikamızdakı ulduzlar arasındakı məsafə təqribən 30 milyon mildir. Əgər bu məsafə daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər daha çox olsaydı, ifrat yeni ulduzun yaydığı maddə o qədər dağınıq olardı ki, bizimkinə bənzər planet sistemləri, böyük ehtimalla, əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, ifrat yeni ulduz partlayışları müəyyən miqdarda baş verməli və bu partlayışlar ilə bütün digər ulduzlar arasındakı məsafə müəyyən ölçüdə olmalıdır. Bu, hal-hazırda mövcud olan məsafədir. (Michael Denton, Nature’s Destiny, səh. 11)
Yer kürəsində mövcud olan, bizi və ətrafımızdakı bütün cisimləri meydana gətirən maddəni, hətta Yer kürəsini təşkil edən elementlər Allahın yaratması ilə ulduzlardan endirilmişdir. Bu elementlər hər an ulduzlarla, ifrat yeni ulduz partlayışları vasitəsilə əmələ gəlir və həssas proseslər nəticəsində Yer kürəsinə və təbii ki, orqanizmimizə çatır. Bu qədər kompleks sistemləri müştərək yaradan və hər an nəzarətdə saxlayan sonsuz qüdrət sahibi uca Allahdır. 1400 il əvvəl Rəbbimiz bir Quran ayəsində bu həqiqəti belə bildirmişdir:
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)
Materialist fəlsəfə kainatın sonsuzluqdan bəri mövcud olan kortəbii maddə yığını olduğunu iddia edir. Ancaq XX əsrdə elmin kəşfləri bu iddianı qəti rədd edir. Dövrümüzdə elm göstərir ki, kainat Böyük Partlayış (Big Bang) adlanan partlayışla bir anda yoxdan əmələ gəlmişdir. Habelə kainatın bütün fiziki müvazinətləri insan həyatı üçün yaradılmışdır. Allah ulduzların içindəki nüvə reaksiyalarından karbon atomunun və ya su molekulunun kimyəvi xassələrinə qədər hər şeyi qüsursuz ahənglə yaratmışdır.