Körpə beynindəki möcüzə

...

İnsan bədəni 21 İyun 2016 22:34


 

Beyninizdəki mükəmməl rabitə şəbəkəsi ana bətnində qurulmağa başlanır. İnsan doğulduqdan sonra bu sistemin inkişafı sürətlənir və bu şəbəkələrin sayı hər keçən gün artır. Yaşınız artdıqca təcrübələriniz beyninizi, beyniniz də sizi formalaşdırır, beləliklə, ətrafınızla qurduğunuz və gələcəkdə davam etdirəcəyiniz o güclü əlaqəni yaradır.

Körpə hələ 3 həftəlik ikən bütün bədənində möhtəşəm dəyişikliklər baş verir. Hüceyrələr bu dövrdə sürətlə çoxalıb dəyişirlər. Onurğa da həmin dövrdə görünməyə başlayır. 4-cü həftədə ən sürətli inkişaf edən hüceyrələr sinir hüceyrələri, yəni neyronlardır. Hər dəqiqə təxminən 500 min neyron yaranır. Neyronlar ən uzunömürlü hüceyrə qrupudur və ömür boyu heç yenilənmədən bizimlə yaşayırlar.

4-cü həftənin sonunda neyronlar onurğanı tərk edirlər. Burada böyük möcüzə baş verir: neyronlar bu səfərdə hara gedəcəklərini və nə edəcəklərini çox yaxşı bilirlər, əsla yolunu azmırlar ... Çünki səhvə qətiyyən yer verilməməlidir. Bəs görmək üçün gözləri, eşitmək üçün qulaqları olmayan neyronlar necə olur ki, istiqamətlərini səhvsiz tapırlar?

Əlbəttə, bu qədər qüsursuz səfərin təsadüfən baş vermə ehtimalı yoxdur. Ağıl sahibi hər insan üçün cavab açıqdır: insan bədənindəki hər hüceyrə xüsusi vəzifə üçün yaradılıb və vəzifəsini görmək üçün lazımi yerə yerləşdirilib. İnsan bədənindəki hər incəlik Allahın yaratma sənətinin əsəridir. Quranda bildirildiyi kimi:

“Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir”. (Nisa suresi, 124)

Neyronların köməkçisi: Qlial

Beynin yaradılışındakı bir-birindən qüsursuz sistemlərdən biri də neyronların köməkçisi qliallardır. Qliallar neyronların daha tez hərəkət etməsi üçün sürüşkən liflər meydana gətirirlər. Bu liflər çox zolaqlı şoseyə bənzədilə bilər, neyronlar bu şoseni izləyirlər. Bu yolun köməyi ilə doğru ünvana karvan kimi irəliləyirlər. Bu səfər əsnasında əsla yol bağlanmır, qəzalar baş vermir. Çünki hər neyron özünə kodlaşdırılmış məlumatları ən uyğun zamanda və doğru istifadə edərək nizamla hərəkət edir. Neyronların bu səfəri sanki köçü xatırladır. Onurğanın kənarına çatan neyronlar qatlar halında beyni formalaşdırmağa başlayırlar.

Ana bətnində altı ayını dolduran körpənin, demək olar ki, bütün orqanları formalaşır. Əlləri, burnu, ürəyi, ciyərləri və beyni!.. Bu dövrdə beynin inkişafı çox surətli gedir. Beyindəki neyron sayı 100 milyarda çatır. Bu hüceyrələr arasında trilyonlarla əlaqə qurulur və bu əlaqələrin sayı ömür boyu heç dayanmadan artmağa davam edir. Neyronlar arasında yaranan elektrik axınları beyinlə bədən arasındakı fasiləsiz əlaqəni təmin edir. Bu əlaqələrin necə qurulduğunu isə elm hələ açıqlaya bilmir.

Kompyuterlər və telefonlar bütün dünyanı bir-birinə bağlayır. Hal-hazırda 7 milyard insan texnologiyanın köməyi ilə əlaqə qururlar. Elm adamları rabitə texnologiyalarını bir addım irəliyə aparmaq üçün yeni layihələr üzərində çalışırlar. Ancaq yer kürəsində elə rabitə şəbəkəsi qurulub ki, təxminən 100 milyard istifadəçi bunun vasitəsilə daim əlaqə saxlayır. Bu istifadəçilər ünsiyyəti asanlaşdırmaq üçün trilyonlarla şəbəkə qurur və kompyuterinizdəki kimi problemlər də yaşanmırlar, istifadəçilər də istirahət etmirlər. Burada əsla elektrik kəsilmir. Bu, beyindir!

Körpənin dünyaya gəlməsi ilə baş verən dəyişikliklər

Körpə dünyaya gözlərini açandan etibarən yeni öyrənmə dövrü başlayır. Beləliklə, körpə gözlərini, qulaqlarını, ayaqlarını necə istifadə edəcəyini öyrənir. Eyni zamanda Allahın yalnız insana bəxş etdiyi danışma və düşünmə qabiliyyəti inkişaf edir. Bunun üçün ana bətnindəki 9 ay müddətində dayanmadan çoxalan və əlaqələr quran sinir hüceyrələrindən istifadə edir.

İybilmə körpənin ilk inkişaf edən duyğularından biridir. 2 günlük körpə anasını bu yolla tanıyır. Ən gec inkişaf edən duyğu isə görmədir. Yeni doğulmuş körpənin gözündəki dünya hələ çox dəqiq deyil.

Körpə ancaq 6 aylıq olduqda ətrafı yetkin insan kimi görməyə başlayır. Hərəkətli cisimləri izləyir və dərinliyi dərk edə bilir. Körpənin böyüdükcə neyronlar daim məlumat yığırlar. 11 aylıq körpənin beyni artıq ətrafındakı mədəniyyəti, danışılan dili ayırd edən yetkinliyə çatır. Bu müddətdə bəzi neyron şəbəkələri digərlərindən daha çox istifadə edilir. Bu şəbəkələrin bir qisimi çoxalır və güclənərkən istifadə olunmayanlar yox olur.

Sərhədləri təyin olunmamış “sinir sistemi” necə işləyir?

Sinir sistemi təxminən 100 milyard neyron və bu neyronlar arasındakı trilyonlarla şəbəkədən ibarətdir. Trilyonlarla şəbəkənin nə demək olduğunu xəyalımızda gəlin canlandıraq ...

Kompyuterdə internet vasitəsilə bir dostunuzla mesajlaşdığınızı düşünün, sonra başqa dostunuz da qoşulur. Bu şəbəkəni bir az da böyüdək: İstanbulda yaşayan 16 milyon insan eyni anda internet vasitəsilə bir-birləri ilə mesajlaşsın. Üstəlik bu mesaj nəqliyyatı ortaq məqsədə xidmət etsin və bu ünsiyyət fasiləsiz olaraq ömür boyu davam etsin. Gəlin şəhərlərin sayını 62000-ə qaldıraq. İstanbul şəhəri kimi 62000 şəhərdəki insanların hər an və fasiləsiz bir-biri ilə ünsiyyət yaratdığı şəbəkə xəyal etməyə çalışaq. Məhz bu beyindir!

Belə rabitə şəbəkəsini qura bilməyimiz hazırkı texnologiya ilə qeyri-mümkündür. Ancaq beyində yerləşdirilmiş çox sayda hüceyrə bir-birləri ilə belə ünsiyyət qururlar. Bu vəziyyət təkbaşına yaradılış möcüzəsidir.

Sinir sisteminin mükəmməl quruluşu

Sinir sistemi iki hissəyə ayrılır: periferik sinir sistemi və mərkəzi sinir sistemi

Periferik sinir sistemi bədənin hər tərəfindən əldə edilən məlumatları yüksək sürətlə beynə çatdırır. Onurğa beynini təşkil edən təxminən 1 milyard neyron bu işlə məşğuldur. Bədənin hər nöqtəsini - qolları, ayaqları, daxili orqanları rabitə şəbəkəsi kimi əhatə edən neyronlar beyin və bədən arasındakı əlaqəni təmin edirlər. Hər nahiyəyə çatan sinirlər bütün bədənin nizamlı işləməsini və tarazlığını təmin edir.

Mərkəzi sinir sistemi isə bədəndən gələn məlumatların şərh olunduğu və bu məlumatlar əsasında qərarların verildiyi çox kompleks quruluşlu əmr mərkəzidir. Mərkəzi sinir sistemində 85 milyard neyron mövcuddur.

Bu sistemin ən əhəmiyyətli hissəsi olan beyin bədənin kütləsinin sadəcə 2%-ni təşkil edir və milyardlarla neyron bu məhdud, kiçik orqana sığan xüsusiyyətlərlə yaradılıb. Bu sistemin əsas vəzifə daşıyanları, yəni mikroskopik hüceyrələr millimetrin 200-də biri qədərdir. Bunlar bir araya gəldiklərində bu gün hələ bir çox funksiyası bizim üçün sirr qalan beynin işləməsini təmin edir. Ən əhəmiyyətlisi isə bu möhtəşəm rabitə şəbəkəsini meydana gətirənlər şüurlu insan birlikləri deyil, yalnız bir qrup hüceyrələrdir.

 

Beyindəki koordinasiyanın tək sahibi uca Allahdır

Görən, eşidən, iybilən, eləcə də isti, soyuq, forma, dərinlik, uzaqlıq kimi duyğuları hiss edən, görüntüləri sanki televizor ekranından izləyən, izlədikləri ilə sevinən, kədərlənən, həyəcanlanan, zövq alan, təlaşlanan, maraqlanan, qısacası, bütün duyğularımıza nəzarət edən şüursuz atomlardan ibarət olan və su, yağ, zülal kimi maddələrdən meydana gələn beyin deyil. Beynin bütün bu qavrayışların sahibi olmadığı açıqdır. Ağıl və vicdan sahibi hər insan həyatı boyunca yaşadığı hadisələri beyninin içindəki ekrandan izləyən varlığın “ruhu” olduğunu bilir. Hər insan gözə ehtiyac duymadan görə, qulağa ehtiyac duymadan eşidə, beynə ehtiyac duymadan düşünə bilən ruha malikdir. Ruhun hiss etdiyi hər şeyi, o cümlədən kainatı da yaradan Allahdır və hər an yaratmağa davam edir. Bir ayədə belə buyurulur:

De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Ənam surəsi, 104)

Beyindəki möcüzəvi funksiyaları təkamül ilə açıqlamağa çalışmaq məntiqsiz və ağılsız yanaşmadır.

Bu gün elm adamlarının beyin haqqında bildikləri yalnız aysberqin su üzündə qalan hissəsidir. Beyin məhz bu cür kompleks və üstün yaradılışa malikdir. Yaradılış möcüzəsi olduğu açıqca bəlli olan bu cür mükəmməl quruluşu təsadüflərin məhsulu kimi göstərmək və təkamül nəzəriyyəsi ilə açıqlamağa çalışmaq, bir sözlə, ağılsızlıqdır.

Bu cür möhtəşəm orqana sahib olan hər insan ona verilənlərə görə şükür etməlidir. Elmi dəlillərlə də təkzib edilən və ağla sığmayan təkamül inancına qapılaraq Yaradıcımız olan Allahı inkar edən insanlar haqqında Quranda belə xəbər verilir:

“Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir” (Yasin surəsi, 77-79)

Beynimizin ən funksional şəkildə işləməsini təmin edən xüsusiyyətlərin təsadüfən ortaya çıxması, əlbəttə ki, qeyri-mümkündür. Bütün bu həssas tarazlıqları qüsursuz nizam içində yaradan - hər şeyin Yaradıcısı olan Allahdır.