
Boğazınızda nəfəs borusu ilə qida borusu yan-yana yerləşir, lakin boğulmadan udquna bilir, yemək yeyib, danışa bilirsiniz. Bəs bu, necə baş verir?
Nəfəs borusunun üstündə yerləşən və kiçik toxumadan ibarət olan qapaq udqunarkən nəfəs borusunu avtomatik bağlayır. Nəfəs borusunun girişində yerləşən bu qapaq “qırtlaq qapağı” (lat. cartilago epiglotica) adlanır. Bunun sayəsində yemək yeyərkən su və ya qidanın nəfəs borusuna düşməsinin qarşısı alınır. Udqunduqdan sonra isə həmin qapaq yenidən öz yerinə qayıdır və havanın nəfəs borusuna keçməsi təmin edilir.
Yetkin insanın qırtlaq qapağının quruluşu ilə körpəninki eyni olmur. Çünki bu qapaqların eyni olması onlar üçün təhlükəlidir. Buna görə də körpələrin qırtlaq qapağı sistemi yetkin insanlardakından fərqli çalışır. Körpələrdə bu qapaq yetkinlərdəkindən daha yuxarıda yerləşdiyi üçün eyni zamanda həm nəfəs alır, həm də ana südü içir. Əgər körpələrdə də qapaq sistemi yetkin insanlardakı kimi olsa idi, ana südü içərkən boğula bilərdilər.