
Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta ölçülü ulduz olan Günəşin ətrafında fırlanan 8 planetdən və bu planetlərin peyklərindən ibarətdir. Bu sistemdə Yer Günəşə ən yaxın üçüncü planetdir.
Əvvəlcə, bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu belə müqayisə edə bilərik. Əgər diametri 12200 km olan Yeri kiçik kürə ölçüsündə kiçiltsək, Günəş də futbol topundan iki dəfə böyük olar. Ancaq ən maraqlısı aradakı məsafədir. Əgər həqiqi model qurmaq istəsək, kiçik kürə ölçüsündəki Yerlə top böyüklüyündəki Günəşin arasında 280 m məsafə qoymalıyıq. Günəş sisteminin ən kənarında yerləşən planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.
Ancaq bu qədər nəhəng ölçüdə olan Günəş sistemi yerləşdiyi Südyolu qalaktikası ilə müqayisədə çox kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan böyük olan təqribən 250 milyard ulduz var. Bu ulduzların arasında Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa Sentavra bir az əvvəl müqayisə apardığımız modelə, yəni Yerin kürəcik formasına və Günəşlə Yer arasındakı məsafənin 280 m olduğu modelə yerləşdirsək, onu Günəşdən 78.000 km uzaqda yerləşdirməliyik!
Modeli bir az da kiçildək. Yeri çətinliklə görünən toz zərrəciyi boyda edək. Onda Günəş qoz böyüklüyündə olar və Yerdən 3 m uzaqlıqda yerləşər. Bu modeldə Alfa Sentavranı Günəşdən 640 km uzaqda yerləşdirməliyik. Südyolu qalaktikasında aralarında məhz bu qədər böyük məsafələr olan 250 ulduz var. Spiral formasında olan bu qalaktikanın qollarından birində bizim Günəşimiz yerləşir.
Maraqlıdır ki, ümumilikdə kosmosu götürsək, Südyolu qalaktikası da çox kiçik yer tutur. Çünki kosmosda təqribən 300 milyard qalaktika var! Bu qalaktikaların arasındakı boşluqlar isə Günəşlə Alfa Sentavra arasındakı məsafədən milyon dəfələrlə böyükdür.