Dırnaqlarımızın heyrətamiz yaradılış xüsusiyyətləri

...

İnsan bədəni 21 İyun 2016 22:41


 

 

  • Dırnaqlarımızı kəsmək bizi niyə incitmir?
  • Dırnaqlarımızın həyati vəzifələri nələrdir?
  • Dırnaqlarımız daima necə və niyə uzanır?

Dırnaqlarımız bədənimizdəki ən fərqli toxumalardan biridir. Yerə düşən iynəni götürərkən barmaqlarımız qədər dırnaqlarımızın da köməyinə ehtiyacımız olur. Barmaq izlərini əmələ gətirən əyriliklər və dırnaqlar vasitəsilə kiçik şeyləri rahatlıqla hiss edirik. Ən mühümü isə dırnaqlar barmaqlarla tutulan cismə göstərilən təzyiqin nizamlanmasında əhəmiyyətli rol oynayırlar. Fasiləsiz yenilənməsi, sərtliyi və kəsilərkən ağrı hiss etməməyimiz dırnaqlarımızı fərqləndirən xüsusiyyətlərdir.

Dırnaqlarımızı kəsmək bizi niyə incitmir?

Dırnaqlarımız və saçlarımızı birləşdirən ortaq cəhət hər ikisinin, əsasən, keratindən ibarət olmasıdır. Dırnaqlar və saçlar ölü hüceyrələrdən təşkil olunurlar. Dırnaqlarımızı, ya da saçımızı kəsdikdə ağrıtmamasının əsas səbəbi də məhz budur. Əgər dırnaqlarımız və saçlarımız bədənimizdəki digər toxumalar kimi canlı hüceyrələrdən ibarət olsa idi, onları kəsmək qeyri-mümkün olardı. Belə vəziyyətdə xarici amillərin məhvedici təsirlərinə tez-tez məruz qalan və əhəmiyyətli vəzifələri olan saçlarımız və dırnaqlarımızdan ömrü boyunca istifadə edə bilməzdik.

Dırnaqlarımızın həyati əhəmiyyət kəsb edən vəzifələri

Dırnaqlarımız barmaqlarımızı mexaniki xarici təhlükələrə qarşı qoruyurlar. Xüsusilə, əl dırnaqlarımız barmaqlarımız üçün çox əhəmiyyətlidir. Onlar olmasa idi, dərimizin yumşaq təbəqəsi ilə əşyaları tutub qaldıra bilməzdik, eləcə də bizim üçün bəzən əhəmiyyətli olan obyektləri tam hiss etməyimiz qeyri-mümkün olardı. Yerə düşən iynəni, ya da mismarı rahatlıqla götürə biliriksə, bunda dırnaqlarımızın böyük rolu olduğunu söyləyə bilərik.

Dırnaqlarımız daima necə və niyə uzanır?

Əl və ayaq dırnaqlarımız dərimizin altındakı dırnaq diblərinə çox yaxın köklərdən çıxırlar. Burada dırnaq çox nazikləşir və yarım ay formasında ağ rəng alır. Bu hissə baş barmaqlarda daha çox görünür, lakin çeçələ barmağımızda elə də görünmür. Kökdəki hüceyrələr ölü keratin hüceyrəsini istehsal edirlər və yeni hüceyrələr istehsal olunduqca ölü dırnağı xaricə doğru itələyirlər.

Dırnaqlarımızın sərtliyinin nizamlanması

Qeyd etdiyimiz kimi, dırnaqlarımız saçlarımız kimi “keratin” adlanan maddədən ibarətdir. Dərimizin, hətta ipəyin əsas xammalı keratindir. Bəs necə olur ki, dırnaqlarımız saç və dərimiz kimi eyni maddədən ibarət olsa da, olduqca sərt quruluşa malikdir?

Bədənimizdə keratindən təşkil olunan digər hissələrdən fərqli olaraq, dırnaqlarımızdakı keratin daha çox sulfid körpüsü ilə çarpaz bağlıdır. Bu çarpaz bağ daha çox keratindən istifadə olunduğunu göstərir. Belə vəziyyətdə yaranan molekul daha qüvvətli və sərt olur. Dırnaq və pəncənin sərt olmasının səbəbi də budur. Qısacası, keratin təbiətdə Uca Rəbbimizin fərqli formalarda yaratdığı nemətdir.

Dırnaqlar bədənimizdəki bir çox toxumadan daha sərt olsa da, əsla sümüklər kimi deyillər. Əgər elastiklik və yumşaq olmasa idilər, onları indiki kimi rahatlıqla kəsə bilməzdik. Rahatlıqla kəsdiyimiz dırnaq sərt olsa idi, bəlkə də, cərrahi müdaxilə tələb edən ciddi problem ola bilərdi.

Dırnaqlarımızın xüsusi quruluşu

Dırnaqlarımız dərimizə hər iki tərəfdən elastik liflərlə bağlıdır. Bunun sayəsində kənarlardan dəriyə bitişik olsalar da, uzandıqca rahatlıqla irəliləyirlər. Dırnaqların maili barmaqlarımızın səthi boyunca qövsvari formada olması bizim üçün rahatlıq yaradır. Əgər dırnaqlar düz lövhə formasında uzansa idilər, toxunaraq hiss etmə funksiyamız zəifləyərdi. Əl və ayaq barmaqlarınızın ucundan kirpi tikanı kimi hər tərəfə uzanan dırnaqların bizim üçün nə qədər böyük problem yaradacağını təsəvvür etmək elə də çətin deyil. Ancaq belə hal baş vermir, çünki Allahın diləməsi ilə dırnaqlarımız bizə narahatlıq vermədən uzanır.

Dırnaqlarımız Uca Allahın üstün ağlının, incəlik və estetik sənətinin, bənzərsiz yaratmasının dəlillərindəndir. Hər biri Uca Allahın ilhamı ilə öz funksiyalarını yerinə yetirmək üçün yaradılıblar. Quruluşları, rəngləri, uzanmaları ­– hər şeyi Rəbbimizin hikmətlə yaratdığı nemətlərdəndir. Yoxdan var edən, hər şeyi istədiyi kimi təqdir edən və onları hər an dilədiyi kimi yaratmağa qadir olan Uca Allah üçün, şübhəsiz ki, bu olduqca asandır. Rəbbimiz qüsursuz yaratması ilə bağlı bir ayədə belə buyurur:

“Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər”. (Loğman surəsi, 11)

Dırnaqlar müəyyən ölçü ilə uzanır

Dırnaqlarımızdakı maraqlı xüsusiyyətlərdən biri də uzanma sürəti ilə əlaqəlidir. Həyatımız boyunca uzanma sürətində bəzi fərqliliklər olsa da, bu sürət bizim üçün idealdır. Dırnaqlarımız nə çox sürətlə uzanaraq bizi tez-tez kəsməyə məcbur qoyur, nə də korlandıqları təqdirdə çox yavaş sürətlə uzanır.

Əl dırnaqların ayaq dırnaqlarından dörd dəfə tez uzanır. Bu sürət fərqi bədənimizin həssas tarazlıqlarından biridir. Ayaqlarımız əllərimiz qədər xarici dünyanın mənfi təsirlərinə çox məruz qalmırlar, buna görə də daha az korlanır və daha az yenilənməyə ehtiyac duyurlar. Məhz bu səbəbdən Uca Allah ayaq dırnaqlarımızın uzanma sürətini belə bizim rahat şəkildə yaşamağımız üçün yaradıb.

Allah Quranın bir çox ayəsində insanın yaradılışına diqqət çəkir və insanları bu yaradılış üzərində düşünməyə belə dəvət edir:

“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı”. (İnfitar surəsi, 6-8)

Həm dərinin, həm də dırnağın böyüməsində vəzifə daşıyan dırnaq kök hüceyrələri

Kənardan çox sadə görünən dırnaqlarımız, əslində, möhtəşəm xüsusiyyətlərlə birlikdə yaradılıblar. Dırnaqlarımız çox kompleks və hələ tam aşkar edilməyən quruluşa sahibdirlər. Dırnaqlarımızdakı yenilənmə xüsusiyyəti bunlardan biridir. Hər birimizin bildiyi kimi, bədənimizin üzvlərini itirsək, yerinə yenisi gəlmir, amma dırnaqlar istisnadır. Yeni araşdırma bunun səbəblərini aşkara çıxartdı.1

Bu araşdırmanın heyranedici nəticələrinə keçməmişdən əvvəl kök hüceyrənin nə olduğunu qısaca xatırlayaq: Məlumdur ki, hər insan ana bətnində bir hüceyrədən inkişaf edir. Həyatın ilk günlərində hüceyrə 2, 4, 8, 16, 32, 64 şəklində bölünməyə başlayır. Yaranan yeni hüceyrələr də ilk hüceyrə kimi bütün bədənlə bağlı əsas məlumat və xüsusiyyətlərə sahibdirlər. Sonrakı mərhələlərdə hər növ hüceyrəyə çevrilmə potensialına malik bu hüceyrələrə “kök hüceyrələr” deyilir.

Kök hüceyrələr müəyyən vaxtdan sonra müxtəlif toxuma və orqanları yaratmaq üçün fərqliləşməyə başlayırlar. Elə bu mərhələdə möcüzəvi hallar baş verir. Tamamilə bir-birinə bənzəyən hüceyrə qrupu bir anda bilinməyən əmrlə nə edəcəyini bilərək fərqliləşməyə başlayır. Bir hissəsi ana ilə əlaqəni yaradan plasentanı formalaşdırır, bir hissəsi də digər orqan və üzvləri əmələ gətiməyə başlayır. Üçölçülü mühitdə növbəti mərhələlər ərzində harada başa, harada ayaqlara və digər orqanlara çevriləcəyinə dair qərar verilərkən göstərilən ağıl hansı hüceyrəyə aiddir? Ağıl və şüura, hətta beynə belə sahib olmayan hüceyrə qrupu sadəcə əmrlə hərəkətə keçirlər. Bu itaət hər insanın, hətta hər canlının inkişafı əsnasında əskiksiz yerinə yetirilir. Əks təqdirdə bir canlının meydana gəlməsi qeyri-mümkün olar.

Canlıların ilk mərhələlərində mövcud olan kök hüceyrələrinə dırnaqlarda rast gəlinməsi elm adamları üçün təəccüblü hal idi. Kök hüceyrələr özünü yeniləyə, xüsusiləşə, hətta birdən çox toxuma meydana gətirərək fərqliləşə bilən xüsusiyyətlərlə yaradılıblar. Bu kəşf dırnaq hüceyrələri ilə bağlı aparılan araşdırma zamanı ortaya çıxmışdı:

Araşdırmada Qvineya donuzlarının dırnaqlarına “fluoressensiya ” kimi parlayan zülallar qoyulmuşdu. Bu hüceyrələrin hansı olduğunun başa düşülməsi üçün üzərlərinə nəzərəçarpan mikro “etiketlər” qoyulmuşdu. Ancaq araşdırma aparan elm adamlarının qarşısına yeni problem çıxdı. Hüceyrələr hər saniyə dəfələrlə bölünürdülər. Bu səbəbdən hüceyrələrin içindəki fluoressensiya  zülalları və etiketlər də hüceyrələrlə birlikdə bölünərək miqdarları xeyli azalırdı. Fluoressensiya  zülalları və etiketlər azaldıqda seyrəlir, bu səbəbdən hüceyrələrin hərəkətlərini müşahidə etmək də çətinləşirdi.

Müşahidə edilən hüceyrələrin kiçik qrupu isə dırnağın təməlindəki yumşaq toxumaya yerləşmişdi. Bu hüceyrələrdəki fluoressensiya  zülalları və  etiketlər seyrəlməmişdi, çünki bu hüceyrələr ya heç bölünməmiş, ya da çox az bölünmüşdü. Bu hüceyrələrin bölünməməsi onların kök hüceyrə olduqlarını göstərir. Çünki bütün kök hüceyrələrin ortaq xüsusiyyətlərindən biri heç bölünməmələridir. Bölünmədiyi üçün seyrəlmədən qalan fluoressensiya  zülalları və etiketlər sayəsində dırnaq kök hüceyrələrini müşahidə etmək mümkün oldu.

Araşdırmaçılar daha sonra yavaş bölünən kök hüceyrələrin iki fərqli xüsusiyyətə malik olduğunu müşahidə etdilər. Normal həyat boyunca kök hüceyrələr həm dırnağın, həm də dırnağa yapışan dərinin böyüməsində rol oynayırlar. Ancaq dırnaq kəsilsə, qırılsa, yaralansa və ya tamamilə qopsa, “Sümük Morfogenetik Zülal” (BMP) adlı zülal kök hüceyrələrə siqnal göndərərək dırnaqdakı təmir xüsusiyyətini aktiv edirdi.

Dırnaq kök hüceyrələrinin eyni anda həm dırnağın, həm də dərinin böyüməsində rol oynaması elm adamları üçün olduqca heyranedici idi. Çünki dırnaq və dəri hüceyrələrinin quruluşu bir-birindən çox fərqli idi. Cənubi Kaliforniya Universitetindən tədqiqatçı Kristof Kabiyelak (Krzysztof Kobielak) bu mövzuda belə deyir:

“Dırnaq kök hüceyrələrinin iki xüsusiyyət göstərərək həm dırnağa, həm də dəriyə yenidən həyat verdiyini araşdırmaq çox təəccüblü oldu. İkili xarakter göstərməsini qeyri-adi edən şey fizioloji şəraitdə fərqlilikdir. Dırnaq və dəri kök hüceyrələri, əslində, özünəməxsus və fərqli quruluşdadırlar, saç folikuli ilə tər vəzi hüceyrələri qədər bir-birlərindən fərqlənirlər”. 2

Araşdırmaçılar indi dırnaqlarımızdakı kimi digər siqnalın başqa orqanlardakı kök hüceyrələrə göndərildikdə eyni təsirin meydana gəlib-gəlməyəcəyi ilə maraqlanırlar. Məsələn, “Barmaq kök hüceyrələrinə eyni siqnal göndərilsə, zədələnmiş barmağın yerinə yenisi çıxarmı?” sualına cavab axtarırlar.

Elm adamları kainatda kəşf edilməyi gözləyən milyardlarla möhtəşəm xüsusiyyətlər olduğunu bilirlər. Təbiətdəki bu müxtəliflik və incəliklərdəki ehtişam Allahın yaratmasının əsəridir. Quranda belə buyurulur:

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”. (Həşr surəsi, 24)

 

1. http://www.sciencedaily.com/releases/2014/11/ 141121102922.htm

2. Y. Leung, E. Kandyba, Y.-B. Chen, S. Ruffins, C.-M. Chuong, K. Kobielak. Bifunctional ectodermal stem cells around the nail display dual fate homeostasis and adaptive wounding response toward nail regeneration. Proceedings of the National Academy of Sciences, 2014; 111 (42): 15114 DOI: 10.1073/pnas.1318848111.