
• Dırnaqlarımızı kəsdikdə niyə ağrı hiss etmirik?
• Dırnaqlarımız hansı həyati əhəmiyyət kəsb edən vəzifələri yerinə yetirir?
• Dırnaqlarımız nə üçün və necə uzanır?
Dırnaqlarımız bədənimizin fərqli toxumalarından biridir. Yerə düşən bir iynəni götürərkən barmaqlarımız qədər dırnaqlarımızın da köməyinə ehtiyac duyuruq. Əlimizdəki barmaq izlərini əmələ gətirən nahamarlıqlar və dırnaqlar sayəsində kiçik şeyləri asalıqla tuturuq. Dırnaqlar barmağın tutduğu cismə tətbiq etməli olduğu təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Daim yenilənməsi, möhkəmliyi və kəsdikdə ağrı hiss etməməyimiz isə onların digər özünəməxsus xüsusiyyətlərindəndir.
• Dırnaqlarımızı kəsdikdə niyə ağrı hiss etmirik?
Dırnaqlarımız və saçlarımızın ortaq cəhəti hər ikisini əmələ gətirən əsas maddənin keratin olmasıdır. Dırnaq və saçlar, əslində, ölü hüceyrələrdən ibarətdir. Onları kəsdikdə ağrı hiss etməməyimizin əsas səbəbi də budur. Əgər dırnaq və saçlarımız bədənimizdəki digər toxumalar kimi canlı hüceyrələrdən ibarət olsaydı, onları kəsib yeniləmək mümkün olmazdı. Belə olduqda isə xarici təsirlərə məruz qalaraq zədələnən və mühüm vəzifələr daşıyan saç və dırnaqlarımızı həyatımız boyunca istifadə edə bilməzdik.
Dırnaqlarımızın həyati əhəmiyyət daşıyan vəzifələri
Dırnaqlarımız barmaqlarımızı mexaniki xarici təhlükələrdən qoruyur. Xüsusilə, əl dırnaqlarımız barmaqlarımız üçün olduqca vacibdir. Onlar olmasaydı, dərimizin yumşaq təbəqəsi ilə əşyaları tutub qaldıra, bizim üçün bəzən həyati əhəmiyyət daşıyan əşyaları möhkəm tuta bilməzdik. Yerə düşən iynəni və ya mismarı asanlıqla götürməyimizdə də dırnaqlarımızın büyük rolu var.
• Dırnaqlarımız nə üçün və necə uzanır?
Əl və ayaq dırnaqlarımız dərimizin altındakı, dırnaqların diblərinə çox yaxın olan köklərindən çıxır. Burada dırnaq çox nazikləşir və yarım ay şəklində, ağ rəngdə olur. Baş barmaqlarda bu hissə daha çox nəzərə çarpır, amma kiçik barmağımızda aydın görünmür. Kökdəki hüceyrələr ölü hüceyrə olan keratin istehsal edir və yeni hüceyrə istehsal etdikcə ölü dırnağı xaricə itələyir.
Dırnaqlarımızın möhkəmliyindəki norma
Daha əvvəl də qeyd etdiyimiz kimi, dırnaqlarımız və saçlarımız keratin adlı maddədən ibarətdir. Dərimizin, hətta ipəyin xammaddəsi də keratindir. Bəs necə olur ki, saç və dərimizlə eyni maddədən ibarət olmasına baxmayaraq, dırnaqlarımız daha möhkəm olur?
Dırnaqlarımızdakı keratin, bədənimizindəki içərisi keratin olan digər hissələrdən daha çox, kükürd körpüsü ilə çarpaz əlaqəlidir. Bu çarpaz əlaqə keratinin daha çox işlənmiş olduğunu göstərir. Bu vəziyyətdə meydana gələn molekul daha da güclənir və sərtləşir. Dırnaq və pəncələrin möhkəm olmasının səbəbi də budur. Bir sözlə, keratin təbiətdə funksiyasını tam olaraq yerinə yetirmək üçün Uca Rəbbimiz tərəfindən müxtəlif formalarda yaradılan bir nemətdir.
Dırnaqlar bədənimizdəki bir çox digər toxumalardan daha möhkəm olsa da, sümük kimi də deyil. Əgər müəyyən elastiklik və yumşaqlığa sahib olmasaydılar, onları belə asan kəsə bilməzdik. İndi asanlıqla etdiyimiz dırnaq kəsmək prosesi, bəlkə də cərrahi müdaxilə tələb edən ciddi bir problemə çevrilərdi.
Dırnaqlarımız üçün müəyyən olunmuş forma
Dırnaqlarımız iki tərəfdən elastik liflərlə dərimizə bağlıdır. Buna görə də yanlardan bağlı olsalar da, uzandıqca asanlıqla irəliləyirlər. Dırnaqlarımızın maili barmaqlarımızın üzəri ilə əyri formada olması rahatlığımızı təmin edir. Əgər dırnaqlar düz formada olsaydı, tutmaq əməliyyatı zəifləyərdi. Əl və ayaq barmaqlarımızın ucundan kirpilərin tikanı kimi kənarlara uzanan dırnaqların bizim üçün necə bir çətinlik törədəcəyini təxmin etmək çətin deyil. Lakin belə bir şey baş vermir, çünki Allah’ın istəyi ilə dırnaqlarımız bizi narahat etməyəcək formada inkişaf edir.
Dırnaqlarımız Uca Allah’ın üstün ağlının, incəlik və estetika sənətinin, bənzərsiz yaratmasının dəlillərindəndir. Hər biri Uca Allah’ın ilhamı ilə öz funksiyasını yerinə yetirmək üçün yaradılmışdır. Varlıqları, formaları, rəngləri, uzanması - hamısı Rəbbimizin hikmətlə yaratdığı nemətlərdəndir. Şübhəsiz ki, bu, yoxdan yaradan, hər şeyi dilədiyi kimi müəyyən edən və onları hər an dilədiyi kimi yaratmağa qadir olan Uca Allah üçün son dərəcə asandır. Rəbbimizin qüsursuz yaratması bir ayədə belə bildirilir:
“Bu, Allah’ın yaratmasıdır. İndi siz də mənə (Allah’dan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aydın azğınlıq içindədirlər.” (Loğman Surəsi, 11)
Dırnaqların uzanması müəyyən bir hesab ilədir.
Dırnaqlarımızın heyranedici xüsusiyyətlərindən biri də uzanma sürətləridir. Əl dırnaqlarımız orta hesabla həftədə 0,5 - 0,6 mm uzanır. Həyatımız boyunca uzanma sürətində müəyyən dəyişikliklər olsa da, bu, bizim üçün ideal sürətdir. Dırnaqlarımız nə hər an kəsilməli olan sürətdə uzanar, nə də aşındıqları halda, yenilənmələrini gecikdirəcək qədər ləng inkişaf edər.
Lakin ayaq dırnaqlarının uzanma sürəti əl dırnaqlarının dörddə birinə bərabərdir. Bu sürət fərqi bədənimizdəki həssas tarazlıqlardan biridir. Ayaqlarımız xarici mühitin zərərverici təsirinə əllərimiz qədər çox məruz qalmır, buna görə də daha az aşınır və daha az yenilənməyə ehtiyac duyurlar. Uca Allah ayaq dırnaqlarımızın uzanma sürətini də bizim rahat yaşamağımızı təmin edəcək nisbətdə yaratmışdır.
Allah Quranın bir çox ayələrində insanın yaradılışına diqqət çəkmiş və insanları bunun üzərində düşünməyə dəvət etmişdir:
“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi.” (İnfitar Surəsi, 6-8)
Həm dərinin, həm də dırnağın böyüməsində iştirak edən dırnaq kök hüceyrələri
Kənardan çox sadə kimi görünən dırnaqlarımız, əslində, heyranedici xüsusiyyətdə yaradılmışdır. Dırnaqlarımız çox mürəkkəb və hazırda da tam olaraq bilinməyən quruluşa malikdirlər. Dırnaqlarımızın yenilənmə xüsusiyyəti bunlardan biridir. Bildiyimiz kimi, bədən üzvlərimizi itirdikdə, yenisi ilə əvəz olunmur. Amma dırnaqlar istisnadır. Yeni bir araşdırma nəticəsində bunun səbəbləri aşkar edilmişdir.
Bu araşdırmanın inanılmaz detallarına keçməzdən əvvəl kök hüceyrənin nə olduğunu xatırlayaq:
Məlumdur ki, hər insan ana bətnində tək bir hüceyrədən əmələ gəlir. Həyatın ilk günlərində hüceyrənin sayı mitoz bölünmə ilə 2, 4, 8, 16, 32, 64 şəklində artır. Bu hüceyrələr də ilk hüceyrə kimi bütün bədənin planı ilə bağlı əsas məlumat və bacarıqları özündə daşıyır. Sonrakı mərhələlərdə hər növ hüceyrəyə çevrilmək potensialı olan bu hüceyrələrə “kök hüceyrə” deyilir.
Kök hüceyrələr müəyyən bir müddət sonra fərqli toxuma və orqanları əmələ gətirmək üçün müxtəlifləşir. Bir-biri ilə tamamilə eyni olan hüceyrə qrupu ikən bir anda bilinməyən bir əmr ilə hər hüceyrə nə etməli olduğunu dərk edərək müxtəlifləşməyə başlayır. Müəyyən bir qismi ana ilə əlaqəni təmin edən plasentanı, bir qismi başı, digər bir qismi gövdəni, qol və ayaqları əmələ gətirir. Kiçik bir hüceyrə qrupunun üçölçülü bir yerdə gələcəkdə haranın baş, haranın gövdəyə çevriləcəyinə qərar verməsi hansı hüceyrə və ya ağıla məxsusdur? Ağlı, şüuru və hətta beyni olmayan bir hüceyrə qrupu tək bir əmrə itaət edirmiş kimi hərəkət edir. Bu itaət hər insanın, hər canlının inkişafı zamanı heç bir əskiklik olmadan edilir və edilmək məcburiyyətindədir. Əks təqdirdə, canlının əmələ gəlməsindən bəhs edilə bilməz.
Canlılığın əvvəlində mövcud olan bu kök hüceyrələri dırnaqlarda tapmaq elm adamları üçün olduqca təəccüblü idi. Bu kök hüceyrələr özünü yeniləyəcək, xüsusiləşdirəcək, hətta birdən çox toxuma əmələ gətirəcək şəkildə müxtəlifləşən xüsusiyyətdə yaradılmışdır. Bu kəşf dırnaq hüceyrələri ilə bağlı bir tədqiqatda istifadə edilən xüsusi bir sistem sayəsində mümkün olmuşdu:
Tədqiqatda istifadə edilən heyvanların dırnaqlarına fluoressensiya kimi parıldayan zülallar qoyulmuşdu. Bu hüceyrələrin hansı olduğunu anlamaq üçün isə üstlərinə diqqətə çarpan mikro “etiketlər” yerləşdirilmişdi.
Lakin tədqiqatları aparan elm adamları bir problemlə qarşılaşdılar. Hüceyrələr hər saniyə bölünür, buna görə də hüceyrələrin içindəki fluoressensiya zülalları və etiketlər də onlarla birlikdə bölünərək azalırdı. Fluoressensiya zülalları və etiketlər azaldıqca solğunlaşır, bu səbəbdən də hüceyrələrin hərəkətlərini müşahidə etmək də çətinləşirdi.
Müşahidə edilən hüceyrələrin kiçik bir qrupu isə dırnağın təməlindəki yumşaq toxumaya yerləşdirilmişdi. Bu hüceyrələrdəki fluoressensiya zülalları və etiketlər solğunlaşmamışdı, çünki bu hüceyrələr ya heç bölünməmiş, ya da çox az bölünmüşdülər. Bu hüceyrələrin bölünməməsi onların kök hüceyrə olduğunu göstərirdi. Çünki bölünməmək kök hüceyrələrin ortaq xüsusiyyətidir. Bölünmədiyi üçün solğunlaşmayan fluoressensiya zülalları və etiketlər sayəsində dırnaq kök hüceyrələrini müşahidə etmək mümkün oldu.
Daha sonra tədqiqatçılar yavaş bölünən kök hüceyrələrin iki fərqlı xüsusiyyətə sahib olduğunun fərqinə vardı.
Normal zamanda kök hüceyrələr həm dırnağın, həm də dırnağa yapışan dərinin böyüməsində iştirak edirdi. Lakin dırnaq kəsilər, qırılar, yaralanar, yaxud da itirilərsə, “Sümüyün Morfogenetik Zülalı” (BMP) adlanan bir zülal kök hüceyrələrə siqnal göndərərək dırnağın bərpa xüsusiyyətini aktivləşdirirdi.
Dırnaq kök hüceyrələrinin eyni anda həm dırnağın, həm də dərinin böyüməsində iştirak etməsi elm adamları üçün olduqca təəccüblü idi. Çünki dırnaq və dəri hüceyrələrinin quruluşu bir-birindən çox fərqli idi. Cənubi Kaliforniya Universitetindən tədqiqatçı Krzysztof Kobielak bu mövzu haqqında belə deyir:
“Dırnaq kök hüceyrələrinin ikili xarakter göstərərək həm dırnağa, həm də dəriyə yenidən həyat verdiyini kəşf etmək çox təəccüblü idi. İkili xarakter göstərmələrini qeyri-adi edən isə fizioloji şəraitlərindəki mühüm fərqlilikdir. Dırnaq və dəri kök hüceyrələri, əslində, özünəməxsus və fərqli quruluşdadırlar. Demək olar ki, tük folikulu ilə tər vəzisi hüceyrələri arasındakı fərq qədər fərqlidirlər.”
İndi isə siqnalın dırnaqlarımızdakı kimi digər orqanlara göndərilməsinin də eyni təsirə malik olub-olmayacağı maraq doğurur. Məsələn, “barmaq kök hüceyrələrinə eyni siqnal göndərilsə, zədələnmiş barmağın yerinə yenisi əmələ gələrmi?” sualına cavab axtarırlar.
Elm adamları kainatda hələ kəşf edilməyən milyardlarla möhtəşəm xüsusiyyət olduğunun fərqindədirlər. Təbiətdəki bu müxtəliflik və xırdalıqlardakı ehtişam Allah’ın yaratmasının bir nümunəsidir. Quranda belə buyurulur:
O, yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq O’na məxsusdur. Göylərdə və yerdə nə varsa, (hamısı) O’nu təqdis edib şəninə təriflər deyir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. (Həşr Surəsi, 24)