
Bitkilər ətrafdakı canlılarla qoxu adlandırılan "uçucu üzvi birləşmələr" vasitəsilə əlaqə qururlar. Maddələr mübadiləsi zamanı minlərlə fərqli üzvi maddə istehsal edilir. Bu birləşmələr bitkilərin ətrafını bulud kimi örtür. Həmin üzvi birləşmələrin istehsalı isə bitkilərin olduqca kompleks quruluşa sahib olduqlarını göstərir. Bizim xoş ətir olaraq adlandırdığımız, bəzən isə heç hiss etmədiyimiz bu üzvi maddələr ətrafdakı bəzi canlılar üçün yolgöstərici xüsusiyyətə sahibdir. Çünki bitkilər bu maddələri düşmənlərini cəlb etmək və ya yayındırmaq üçün ifraz edir.
İndiyə qədər 1000 müxtəlif birləşmə növü kəşf olunmuşdur. Böyük ehtimalla bir çoxları da hələ kəşf edilməyib. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bitkilər tərəfindən hasil edilən müxtəlif xüsusiyyətli və funksiyalı on minlərlə, hətta yüz minlərlə müxtəlif uçucu üzvi birləşmələr mövcuddur.
Bitkilər tərəfindən hasil edilən aromatik maddələrin təsadüfən yaranma ehtimalı yoxdur. Çünki həmin maddələr o qədər qarışıq proseslər nəticəsində əmələ gəlir ki, alimləri belə heyrətləndirir. Bitkilər xüsusi zülallardan istifadə edərək üzvi kimya laboratoriyası kimi metilasiya, asilasiya və oksidləşmə (reduksiya) kimi kimyəvi prosesləri yavaş-yavaş, həssaslıqla həyata keçirirlər. Həmçinin, bu mexanizmin daxilində hasil edilmiş maddələri toplayan və vaxtı çatdıqda qaz halında havaya ötürən hüceyrələr də mövcuddur. Qısası, gül ətri kimi xoşladığımız qoxuları əmələ gətirən maddələrin bir yerə toplanması üçün mükəmməl texniki təşkilat lazımdır.
Bitkilər hücuma məruz qaldıqda ifraz etdikləri uçucu üzvi birləşmələrlə yaxınlıqdakı digər bitkiləri də xəbərdar edirlər. Əslində, bu xəbərdarlıq digər bitkilər tərəfindən hücuma məruz qalan ağacın yaydığı həmin birləşmələrin gizli şəkildə “dinlənilməsi”dir. Beləcə, hücuma məruz qalmamışdan əvvəl müdafiə sistemləri fəaliyyətə keçir. Bəs bu dinləmə prosesi necə baş verir?
Hücuma məruz qalan bitkilərin ifraz etdiyi uçucu üzvi birləşmələr yaxınlıqdakı digər bitkilər tərəfindən qəbul edilir və ardıcıl gələn siqnallar analiz edilərək müdafiə sistemi fəaliyyətə keçir. Burada daha bir həqiqəti öyrəndik: bitkilər öz aralarında yalnızca danışmır, eyni zamanda bir-birilərini dinləyirlər. Təcrübələr nəticəsində məlum olmuşdur ki, dinləmə xüsusiyyəti məhdudlaşdırılan bitkilər üçün təhlükəyə məruz qalma riski daha böyük olur.
Bitkilərin bir-biriləri ilə əlaqəsi, yaydıqları uçucu üzvi birləşmələrin digər bitkilər tərəfindən qəbul edilməsi və həmin bitkilərdəki müdafiə sistemlərinin işə düşməsi şüur tələb edən davranışlardır. Bitkinin təhlükə anını dərk edərək yaddaşına yerləşdirməsi və gövdəsində müxtəlif dəyişikliklər edərək müdafiə taktikası uydurması mümkün deyil. Təkamülçülərin bu fərziyyəsi ağıla və məntiqə qətiyyən sığmır. Bu bitkilər əlaqə xüsusiyyətləri ilə birgə yaradılmışlar. Bu onlara Allah tərəfindən verilən xüsusi müdafiə sistemidir. Hər şeyi ən kiçik təfərrüatına qədər mükəmməl və qüsursuz yaradan uca Allah dünyadaki bütün bitkilərdə yaşadıqları mühitə uyğun xüsusiyyətlər var etmişdir. Rəbbimiz bir Quran ayəsində belə bildirir:
“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə Surəsi, 5)
Bitkilər böcəklərlə də uçucu üzvi birləşmələr vasitəsilə əlaqə qururlar. Ünsiyyət zamanı iki dildən istifadə edilir. Bunlardan biri hədələmə dilidir. Bu zaman bitkilər yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün bəzən zərərli kimyəvi maddələr, bəzən də həmin böcəklərlə qidalanan digər həşəratları cəlb edən qoxular yayırlar. Şübhəsiz ki, hər iki üsul da təəccüb doğurur. Hazırda əkinçilik sahəsində bu gizli “dili” tətbiq etməyə çalışırlar. Almaniyadakı Maks Plank Kimyəvi Ekologiya İnstitutunda “bitki müdafiəsi genetikası” sahəsində fəaliyyət göstərən Conatan Qerşenzon bu strategiyanın doğru təqlid edilməsi nəticəsində kənd təsərrüfatı sahəsindəki dərmanlamanın zərərsiz olacağını düşünür.
Bitkilər bir-biriləri ilə səssiz ünsiyyət qururlar. Halbuki öz varlıqlarından və həyata keçirdikləri möcüzəvi proseslərdən xəbərləri yoxdur. Çünki bitkilər də kainatdakı bütün varlıqlar kimi onları yaratmış və anbaan yaratmağa davam edən uca Allahın nəzarətindədir. Rəbbimiz Quranda bitkilərin
Ona boyun əydiyini belə bildirir:
Otlar da, ağaclar da səcdə edir. (Rəhman Surəsi, 6)